Sözümüz imzamızdır: Son 3 ildə nələr dəyişdi - TƏHLİL
Son üç ilin ən yadda qalan hadisəsi şübhəsiz ki, ötən ilin sonunda baş vermiş Vətən müharibəsi oldu. Prezident seçkiləri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün var gücü ilə çalışacağını deyən ölkə başçısı 44 günlük müharibə ilə öz üzərinə götürdüyü tarixi missiyanı uğurla başa çatdırdı. Ali Baş Komandan fəaliyyəti dövründə erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Prezidentin məhşur və dillərdə əzbərə çevrilmiş “Qarabağ Azərbaycandır və nida” fikri 2020-ci ildə öz məntiqi sonluğuna çatdı. Bununla da erməni işğalına son qoyuldu.
Vətən müharibəsi təkcə son üç ilin deyil, ümumilikdə Azərbaycan tarixinin ən yadda qalan hadisələrindən biri, bəlkə də birincisidir. Müzəffər Ali Baş Komandan Qarabağ torpaqlarını hərbi-siyasi yolla öz əzəli və tarixi sahibinə qaytarmağı bacardı. 2018-ci il seçkiləri sonrası əsas prioritetin ərazi bütövlüyünün bərpası olduğunu deyən Prezident 2 il yarım sonra bu məqsədə nail olmaqla adını tarixə yazdırdı.
Xalqa verilən vədlər yerinə yetirildi
Prezident seçkilər zamanı və sonrakı mərhələdə xalqa verdiyi sözü reallaşdırdı, 44 gün ərzində Ermənistana və onun havadarlarına layiqli dərs verdi. Noyabrın 10-da kapitulyasiya aktına imza atan Ermənistan baş naziri Nikol Paşinyan sözün həqiqi mənasında Azərbaycan xalqı qarşısında diz çökdürüldü. Bir sözlə, erməni ordusunun kürəyi yerə vuruldu, darmadağın olan işğalçılar tarixi torpaqlarımızdan qaçmağa məcbur edildi.
Əlbəttə, Azərbaycanın 44 günlük müharibədə qələbə əldə etməsi yalnız hərbi amillərlə bağlı deyildi. Prezidentin mahir diplomatiyası, döyüşlər zamanı xarici mediaya mütəmadi verdiyi müsahibələr, Türkiyənin siyasi və mənəvi dəstəyinin əldə edilməsi də zəfərin qazanılmasında mühüm rol oynadı. Prezident İlham Əliyevin apardığı xarici siyasət, uğurlu diplomatiya, əksər ölkə başçıları üçün örnək olan liderlik qabiliyyəti sonda Azərbaycanı beynəlxalq arenada sayılan oyunçulardan birinə çevirdi.
İlham Əliyevin Azərbaycan Prezidenti kimi son üç ildə gördüyü işlər arasında uğurlu struktur islahatlarını da qeyd etmək yerinə düşər. Belə ki, Prezident 2018-ci ildə növbəti dəfə seçkilərdə qalib olduqdan sonra ölkədə bütün sahələrdə islahatlara başladı. Korrupsiyaya qarşı mübarizə gücləndirildi, regionlara diqqət artırıldı, ciddi kadr dəyişklikləri ilə idarəetmə daha da mükəməlləşdirildi.
İslahatlar və yeni siyasi baxış
Azərbaycanda idarəçiliyi təkmilləşdirən Prezident dövlət strukturlarında şəffaflığın, çevikliyin və işləkliyin təmin edilməsini əsas hədəflərdən biri kimi seçdi. Bu gün artıq dövlət strukturlarının, komitələr və nazirliklərin fəaliyyətlərinin təkmilləşməsinə xeyli dərəcədə nail olunub.
Son illər müxalifət-iqtidar arasında münasibətlərdə, siyasi partiyaların fəaliyyətlərinin genişləndirilməsində də ciddi dəyişikliklər baş verdi. Bu mənada iqtidarla siyasi müxalifət arasında dialoqa start verildi və 2019–cu ilin noyabr ayının sonunda Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Eyni zamanda müxtəlif məmur postlarında yeni təyinatlar həyata keçirildi, daha çevik və idarəetmə potensialı yüksək olan gənc kadrlar vəzifəyə gətirildi.
Bundan əlavə, Azərbaycan bütün dünyanı ağuşuna alan koronavirus infeksiyasına, pandemiyaya qarşı mübarizədə seçilən ölkələrdən biridir. Ötən il pandemiya şəraitində qlobal böhranın doğurduğu iqtisadi və psixoloji çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadi müvazinətini əzmlə qorudu. Ölkəmizdə bir sıra ciddi sosial layihələr həyata keçirildi. Zamanında atılan addımlar, operativ şəkildə modul tipli xəstəxanaların quraşdırılması, tibbi və gigiyenik vasitələr istehsal edən zavodun tikilməsi və nəhayət, Avropada başladılan vaksinasiya prosesindən cəmi bir ay sonra Azərbaycanda peyvəndlənmə işlərinin başlanması hökumətin vətəndaşların sağlamlığına verdiyi önəmin nümunəsidir. Beləcə, Prezident üzərinə götürdüyü daha bir öhdəliyi yerinə yetirdi və ötən il ölkə başçısı kimi milli təhlükəsizliyimizə ciddi təhdid olan virusla mübarizədən ölkəmizi alnı açıq çıxardı.
Azərbaycan regionu da dəyişir
Prezident İlham Əliyev son üç ildə iqtisadiyyatda qeyri-neft sektorunun çəkisinin artırılması istiqamətində də ciddi addımlar atdı. Nəhəng infrastruktur layihələrinə imza atan ölkə başçısı respublikamızın tranzit imkanlarının reallaşması üçün var gücü ilə çalışdı. Buna misal olaraq Beynəlxalq Dəniz Limanının və Gəmiqayırma Zavodunun tikintisi, TRASECA, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri çərçivəsində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi və s. göstərmək olar.
2021-ci ildən başlayaraq İtaliyanın Azərbaycanın maye qazından istifadəyə başlaması ciddi uğurlardan sayılmalıdır. Bu layihə ölkəmizin iqtisadi imkanlarının genişləşdirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Bununla yanaşı, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan təkcə son 3 il ərzində Bakı–Tbilisi-Qars, Şimal–Cənub, TAP, TANAP kimi beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmağı bacardı. Son 3 ildə Böyük İpək Yolunun siyasi – iqtisadi mərkəzinə çevrilən Azərbaycan Türkmənistan, Özbəkistan, Əfqanıstan ilə razılıqlar əldə edərək Qafqaz tranzit xəttinin genişlənməsinə nail oldu.
Sözsüz ki, uğurlarımız bununla yekunlaşmır. Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalaması da son illərin ən böyük uğurların sırasındadır.
Vətən müharibəsində Ali Baş Komandan kimi zəfər qazan İlham Əliyev Moskva bəyanatına Zəngəzur dəhlizi amilini daxil etməyi bacardı ki, bu da yaxın gələcəkdə nəinki Azərbaycanın, ümumilikdə regionun inkişafında dönüş yaradacaq. 44 günlük qələbə ilə yeni geosiyasi reallıqlar yaradan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın lideri statusuna sahib oldu. Eyni zamanda COVİD-19 pandemiyasına qarşı mübarizədə aktiv rol oynayan Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi dünya güclərini bir araya toplayaraq, qlobal oyunçu rolundan çıxış etdi. Bu gün Azərbaycan təkcə regionda deyil, dünya miqyasında öz çəkisi olan önəmli ölkələrdən biridir. Əminik ki, yaxın illər ərzində ölkəmizin daha böyük uğurlarına şahidlik edəcəyik.
Tural Tağıyev
Azvision.az
Teqlər: İlham-Əliyev Seçki İslahat Vətən-Müharibəsi