İnternet istifadəçiləri narazıdır

 İnternet istifadəçiləri narazıdır
  01 Mart 2014    Oxunub:1128
Avropada istifadəçilərin daxil olmaq istədikləri resursların dörddə bir hissəsi blok edilir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Komissiyası tərəfindən 28 min internet istifadəçisi arasında keçirilən tədqiqata əsasən, istifadəçilərin daxil olmaq istədikləri resursların dörddə bir hissəsi blok edilir.

Hesabata görə, istifadəçilərin 41 faizi mobil qurğulardan, 37 faizi stasionar internet bağlantıdan istifadə edən zaman videoya baxa bilmir.

Bundan başqa, istifadəçilər musiqi dinləməkdə, onlayn oyunların və digər servislərin işində çətinliklərlə üzləşirlər. Qeyd edək ki, hesabat “İnternet neytrallığı haqqında” qanunun qəbul edilməsi ilə bağlı aparılan müzakirələr çərçivəsində hazırlanıb. “İstifadəçilər internet üçün abunə haqqını ödəyəndə bütün kontentə çıxış əldə edəcəyini düşünür. Məhz bu səbəbdən Avropa İttifaqı ərazisində açıq internet olmalıdır”, - Aİ-nin rəqəmli inkişaf məsələləri üzrə komissarı Nelli Kroes bildirib.

Bununla belə, hüquq müdafiəçiləri qeyd edirlər ki, rəsmilərin təqdim etdiyi qanun layihəsi tamamilə əks normaları özündə ehtiva edir.

Fəal qrup nümayəndələrindən biri Co Maknaminin sözlərinə görə, N. Kroes təcili həll onunmalı məsələdə möhtəkirliyə yol verir. Çünki, seçkilərin yaxınlaşmasını nəzərə alan Aİ təmsilçisi mobil rouminq xidmətindən imtina daxil olmaqla bir sıra məsələləri tənzimləyən yeni qanun layihəsini tam dəstəklədiyini bəyan edib.

Buna baxmayaraq N. Kroes istifadəçilərə internetə qoşulmada bütün hüquq və şəffaflığı təmin etmək niyyətində olduğunu vurğulayıb. Bununla yanaşı, sorğu zamanı müəyyən edilib ki, rəyi soruşulanların 60 faizi pulu hansı internet sürətinə görə ödəməsindən xəbərsizdir.

İnternetə hansı sürətlə qoşulduğundan məlumatı olan istifadəçilərin 40 faizindən 26 faizi tədarükçülərlə bağlanmış müqavilədə göstərilən sürətlə təchiz edilmədiyini deyib.

Qeyd edək ki, təklif olunan qanun layihəsi istifadəçilərə internetə qoşulmaq üçün müxtəlif sürətlərin yer aldığı müxtəlif tarif planlarını seçməyə imkan verəcək. Bununla belə, “İnternet neytrallığı haqqında” qanunun tərəfdarları qeyd edirlər ki, layihənin 23-cü maddəsi müxtəlif keyfiyyətli xidmət və cürbəcür imkanlarla xüsusiləşdirilmiş xidmətlərin göstərilməsini nəzərdə tutur. Fəalların fikrincə, bu, ikisəviyyəli internetin tətbiqi üçün boşluq yaradır.



Teqlər:  





Xəbər lenti