Məhsəti Gəncəvinin miniatürləri Gəncəyə gətirilib

Məhsəti Gəncəvinin miniatürləri Gəncəyə gətirilib
  28 Mart 2013    Oxunub:2089
Dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illik yubileyi tədbirləri ərəfəsində şairənin həmyerliləri çox qiymətli hədiyyə alıblar
AzVision.az-ın məlumatına görə, İspaniya kraliçası, Yunanıstan və Danimarka şahzadəsi Sofiya Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə dahi Azərbaycan şairəsinin rübailərinə və qəzəllərinə çəkilmiş qədim miniatürlər, illüstrasiya və əlyazmaları bağışlanıb. Hədiyyə olunan miniatürlər XIV-XV əsrlərə aiddir. Bu nadir sənət nümunələri son vaxtlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən şairənin ədəbi irsinin toplanması məqsədilə həyata keçirilmiş tədbirlər nəticəsində əldə edilmiş eksponatlar xəzinəsini daha da zənginləşdirib.

Ümumiyyətlə, Məhsəti Gəncəvinin dünyanın müxtəlif kitabxanalarında gətirilmiş 110-ə yaxın nadir nümunələr bu eksponatlar sırasındadır. Bu qiymətli incilərin hər biri üzərində geniş elmi-tədqiqat işləri aparılacaq. Heç şübhəsiz, əldə olunacaq elmi nəticələr yaradıcılığının 900 illiyini qeyd etməyə hazıtlaşdığımız dahi həmyerlimizin ölməz irsinin öyrənilməsinə sanballı töhfələr verəcəkdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə bildirib ki, mərkəzə kraliça tərəfindən 8 miniatür və 1 illüstrasiya hədiyyə edilib. Miniatürlərin içində qədim əlyazmalar da var. Miniatürlərin bəziləri vaxtilə rusların Ərdəbil kitabxanasından İspaniyaya apardıqları sənət əsərləridir. Bəzi miniatürlər isə İspaniyanın özünə məxsusdur. İspaniya uzun müddət müsəlman dövləti olduğundan burada qədim şərq, ərəb-fars əlyazmaları çoxdur.
Samir Pişnamazzadənin sözlərinə görə, Məhsəti Gəncəvinin Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ-ın Metropol Muzeyində və Yel Universitetində saxlanılan 110-dək miniatür, illüstrasiya və rübaisinin Gəncəyə gətirilməsi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin vasitəçiliyi sayəsində mümkün olub. Şairənin 900 illik yubileyi münasibətilə məşhur ingilis tədqiqatçısı Paul Smitin Məhsəti Gəncəviyə həsr olunmuş 6 monoqrafiyası da ölkəyə gətirilib. Onların tərcüməsi üzərində iş gedir.

Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda Gəncədə qarşıdakı yubileyə geniş hazırlıq işləri aparılır. Məqsəd Məhsəti Gəncəvinin yubiley tədbirlərini onun ölməz ədəbi irsinə uyğun keçirməklə 900 il bundan əvvəl yaşayıb-yaratmış dahi şairə, demokratik fikirli qadın və şahmatçı haqqında dünya xalqlarında daha zəngin təəssürat yaratmaqdır.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti