Davudoğlu: `Ukraynanın ərazi bütövlüyü vacibdir`

Davudoğlu: `Ukraynanın ərazi bütövlüyü vacibdir`
  01 Mart 2014    Oxunub:1092
`Türkiyə Krımda vəziyyətin sabitləşməsi üçün səy göstərməyə hazırdır`. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Kiyevdə Ukrayna XİN rəhbəri səlahiyyətlərini icra edən Andrey Deşitse ilə birgə mətbuat konfransında deyib.
Türkiyəli nazir qeyd edib ki, Krım hərbi gərginlik deyil, turizm, çiçəklənmə və əməkdaşlıq mərkəzi olmalıldır: "Türkiyə hazırda Krımdakı problemin ən yaxşı yolla həll edilməsi üçün ondan asılı olan hər şeyi etməyə hazırdır".

Ə.Davudoğlu qeyd edib ki, ötən gün bir sıra həmkarları ilə danışıqlar aparıb və bu gün Krımdakı vəziyyət üzrə məsləhətləşmələri davam etdirəcək: "Hesab edirəm ki, vəziyyətin nizamlanması üçün bütün beynəlxalq platformalarda, o cümlədən ATƏT və Avropa Şurası tərəfindən diplomatik səy göstərilməlidir".

Türkiyənin XİN rəhbəri Krım sakinlərini muxtar respublikanı sülh və qarşılıqlı əmin-amanlıq mərkəzi etməyə çağırıb.

O, qeyd edib ki, Türkiyə üçün Krım tatarlarının yarımadada yaşayan digər etnik qruplarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşaması vacibdir.

Ə.Davudoğlu bildirib ki, Krımla bağlı bütün məsələlər Ukraynanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həll olunmalıdır: "Ukraynada sabitlik həm Qara dəniz regionu, həm də bütün Avrasiya üçün vacibdir".

Öz növbəsində, A.Deşitse deyib ki, Krımda vəziyyət qeyri-sabitdir və gərginləşməkdə davam edir: "Ukrayna bütün regionda, o cümlədən Krımda vəziyyətin sabitləşməsinə kömək edəcək beynəlxalq səviyyədə istənilən təşəbbüsü alqışlayır".


Teqlər:  





Xəbər lenti