Paşinyanın “Dağlıq Qarabağı qaytarmaq” iddialarına cavab

  15 Aprel 2021    Oxunub : 2216
   Paşinyanın “Dağlıq Qarabağı qaytarmaq” iddialarına cavab
“Dünən Ermənistanın Baş Naziri Nikol Paşinyan ərazi iddialarını yenidən gündəmə gətirərək “Bütün Dağlıq Qarabağın qaytarılması”ndan danışıb. Mənə maraqlıdır ki, beynəlxalq ekspertlər bu ritorikanı təcavüzkar adlandıracaqlarmı, yoxsa onlar birtərəfli şəkildə əsassız olaraq yalnız Azərbaycanı günahlandıracaqlar? Bütün bunlar Azərbaycanı “qələbədən qırağa baxmaq” və “səxavətlilik nümayiş etdirmək” kimi mənasız tövsiyələrə məhəl qoymamağa məcbur edir".
Azvision.az xəbər verir ki, bunu BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Dağlıq Qarabağı qaytarmaq” iddialarını şərh edərkən deyib.

F.Şəfiyev bildirib ki, Azərbaycan Kəlbəcərdə ermənilərin evləri qarət etməsinə və yandırmasına baxmayaraq rayonun boşaldılması üçün verilən vaxtın 10 gün daha uzadılmasına imkan yaratdığı, Birinci Qarabağ müharibəsindən bu yana 4000 azərbaycanlının hələ də itkin olduğu bir vaxtda 1500 erməni əsgərinin meyitini təhvil verdiyi, Gorus-Qafan yolu, Rusiya qazının Ermənistana nəqli və humanitar yük üçün Azərbaycan ərazisindən istifadəyə razılıq verdiyi halda bütün bunlar qiymətləndirilmir.

"Halbuki azərbaycanlılar 30 illik müharibə və işğalın acı və itkilərindən hələ də qurtulmayıb. Ötən günlər keçirilmiş "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfrans zamanı verilən bəzi suallar göstərdi ki, bəzi beynəlxalq ekspertlər daha çox ermənilərin taleyinə görə narahatdırlar. Azərbaycanlıların yeganə yolu hərbi imkanlarını daha da gücləndirmək və təxribatlara hazır olmaqdır. ATƏT-in Minsk qrupunun son bəyanatını da konstruktiv adlandırmaq olmaz. Onlar anlamalıdırlar ki, Azərbaycan öz ərazilərini bərpa etməyə nail oldu. Hazırda onların işi Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmaqla iki ölkə arasında sülh razılaşmasının imzalanmasına nail olmaq istiqamətində qurulmalıdır. Əks halda qrupun işinin heç bir əhəmiyyəti qalmır. Bununla yanaşı, Azərbaycan Ermənistandan olan azərbaycanlı qaçqınların taleyi, Ermənistanda Azərbaycana məxsus mədəni irsin qorunması, Ermənistanın Gəncə, Bərdə və digər şəhərlərdə dinc əhaliyə bombalar yağdırmasına görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə yanaşı onların mülklərinin bərpası məsələsini danışıqlar gündəminə gətirməlidir. Ermənistanda Azərbaycana məxsus mədəni irsin qorunması məsələsi ilə bağlı UNESCO missiyasının hər iki ölkəyə səfəri tələb edilməlidir. Azərbaycanın keçmiş işğal olunmuş ərazilərinin tamamilə dağıdılması və talan edilməsinə dair təzminat məsələsi isə başqa bir vacib istiqamətdir. Nəhayət, qlobal və regional oyunçuların həm regionun əhalisi, həm də öz mənafeləri naminə uzunmüddətli mənfəətlər barədə düşünmək əvəzinə, şəxsi maraqlardan çıxış etməsi təəssüf doğurur”, - deyə F.Şəfiyev vurğulayıb.

Azvision.az

Teqlər: Fərid-Şəfiyev