Qubadlıda məscidi kimlər söküb? - Dövlət Agentliyindən açıqlama

  15 Aprel 2021    Oxunub : 4369
 Qubadlıda məscidi kimlər söküb? -  Dövlət Agentliyindən açıqlama
“Qubadlıda məscidin sökülməsi ilə bağlı araşdırma aparılır”
Bunu Azvision.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVlll əsrə aid məscidin sökülməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, faktla əlaqədar araşdırma gedir, Əlaqələndirmə Qərargahı məscidin sökülməsində günahkar şəxslərin müəyyən edilməsi ilə bağlı əlavə məlumat yayacaq.

“Hazırda bu məsələ ətrafında araşdırma aparılır. Əlaqələndirmə Qərargahı araşdırmanın nəticəsi barədə məlumat yayacaq”.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzinin məlumatına görə, yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVlll əsrə aid məscidin söküldüyü müəyyən edilib.

Məsələ barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə olunub, dövlət başçısı tərəfindən aidiyyəti strukturlara baş vermiş hadisənin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verilib.

Məscid Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscidin yarıuçurulmuş vəziyyətdə olduğu və heyvanların saxlanıldığı yer kimi istifadə edilərək vandalizmə məruz qaldığı müəyyən olunub.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Qubadlı   Məscid