Erkan Özoral: “Azərbaycan hər zaman mənim ürəyimdə olacaq” - MÜSAHİBƏ

 Erkan Özoral: “Azərbaycan hər zaman mənim ürəyimdə olacaq” -  MÜSAHİBƏ
  15 Aprel 2021    Oxunub:8988
“Azərbaycanı da Türkiyə kimi həmişə üstün tutacağam”

Qardaş Türkiyənin Azərbaycanda səlahiyyət müddəti başa çatmış səfiri Erkan Özoral Azvision.az -a qısa müsahibə verib. Sabah Bakını tərk edəcək diplomat fəaliyyəti ilə bağlı təəssüratlarını bizimlə bölüşüb.
Erkan Özoralın müsahibəsini təqdim edirik:

-Cənab səfir, Azərbaycandan hansı xatirələrlə ayrılırsınız?

- Azərbaycan mənim vətənimdir. Mən Azərbaycanı vətənim olaraq gördüm və xatırlayacaq çox şeylər var. Azərbaycanın ən şərəfli dövrlərində burada oldum. Qarabağ müharibəsini, Azərbaycanın böyük Zəfərini gördüm. Bütün bunlar, burada yaşadıqlarım yaddaşımdan heç vaxt silinməyəcək. Hər birini hər zaman şərəflə xatırlayacağam.

- Siz özünüz də qeyd etdiyiniz kimi, digər həmkarlarınızdan fərqli olaraq Vətən müharibəsinə, Azərbaycanın Zəfərinə şahidlik etdiniz...

-Özümü Azərbaycanda çalışmış ən şanslı Türkiyə səfiri olaraq görürəm. Mənim gördüklərim, yaşadıqlarım fərqli idi. Azərbaycan xalqının sevincli günlərində burada oldum. Azərbaycan xalqının sevincini birlikdə necə paylaşdığımızı, hər tərəfin Azərbaycan bayraqları ilə birgə Türkiyə bayraqları ilə bəzədildiyini gördüm. Bu, böyük bir xoşbəxtlik, böyük şərəfdir. Buna görə çox xoşbəxtəm.

-Şuşa azad olunan gün bütün azərbaycanlılar sevincdən ağladı. Qardaş ölkənin diplomatı olaraq, Şuşa sizin üçün nə ifadə edir? Şuşanı görmək arzunuz varmı?

- Müharibənin başladığı ilk gündən Azərbaycanda, eyni zamanda, Türkiyədə hər kəs Şuşanın işğaldan qurtulacağı günü böyük həyacanla gözlədi. Şuşanın azad edilməsinin hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən açıqlanması hamımız üçün müharibənin ən sevincli anı oldu. Həqiqətən də, bütün Azərbaycanda göz yaşları töküldü və biz bunlara şahidlik etdik. Şuşa bütün türk dünyası üçün çox önəmli bir mərkəz, Azərbaycanın mədəniyyətinin, Azərbaycanın sənətinin beşiyidir. Şuşa türk dünyasının göz bəbəklərindən biridir. Buna görə də Şuşanın azad olunması çox önəmli idi. Təbii ki, ilk fürsətdə Şuşanı görməyi arzu edirəm. Qarabağda çox yerləri Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə görmək fürsətim oldu. İnşallah, Şuşanı da ən yaxın zamanda görərik.

Azərbaycanın hər yerindən olduğu kimi, Qarabağdan da dostlarım var. Hamısı indi həyəcan içindədirlər. Tezliklə işğaldan azad edilən yurdlarına, ata-baba torpaqlarına gedib oraları görmək arzusundadırlar. Bir az səbr etdikləri təqdirdə, bu arzularına da qovuşacaqlar. Bütün azərbaycanlıları, qarabağlı qardaşlarımızı Zəfər mübasibətilə bir daha təbrik edirəm.

- Cənab səfir, bundan sonrakı fəaliyyətiniz nədən ibarət olacaq? Və Azərbaycanla bağlarınız yəqin ki, hər zaman davam edəcək...

-Türkiyəyə döndükdən sonra Xarici İşlər Nazirliyində çalışacağam. Amma bunu bilin ki, Azərbaycan hər zaman mənim ürəyimdə olacaq. Dünyanın harasına gedirəmsə gedim, mütləq təkcə Türkiyənin deyil, həm də Azərbaycanın təmsilçisi, elçisi olaraq vəzifəmi icra edəcəyəm. Azərbaycanı da Türkiyə kimi hər zaman üstün tutacağam. Azərbaycan mənim vətənimdir. İkinci vətənim yox, Türkiyə kimi öz vətənimdir.

- Səfir kimi çalışdığınız müddətdə həyata keçirə bilmədiyiniz nə isə qaldımı?

-Səfir dönəmində edə bilmədiyim bir şey qaldı. Azərbaycanın hər tərəfini gəzməyi çox arzu edirdim. Pandemiyaya görə daha əvvəl gedib gördüyüm bölgələrin bəzilərini bu dəfə görə bilmədim. İnşallah, irəlidə bunu həyata keçirmə fürsətimiz olar.

Qeyd edək ki, E.Özoral 2016-cı ildən Türkiyənin Azərbaycanda səfiri vəzifəsində çalışıb. Onu yeni səfir Cahit Bağçı əvəz edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ErkanÖzoral  





Xəbər lenti