“Fransa XİN Azərbaycandan üzr istəməlidir” - Partiya sədri

  15 Aprel 2021    Oxunub : 2117
“Fransa XİN Azərbaycandan üzr istəməlidir” -  Partiya sədri
Fransanın Ermənistandakı səfirinin Hərbi Qənimətlər Parkını "tamaşa" və Ermənistanın məğlubiyyətini "ləyaqətli məğlubiyyət" adlandırması diplomatiyadan kənar ifadələr və davranışdır. Səfir birbaşa qərəzini ortaya qoyur və bu, səfir üçün yolverilməz haldır.
Azvision.az xəbər verir ki, bunu deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.

Deputat bildirib ki, Azərbaycan XİN sözçüsünün fikri ilə razılaşır:

"Yəqin ki, səfir üçün "ləyaqət" anlayışı fərqli məna daşıyır. Amma, inanmaq istərdim ki, Fransa dövləti üçün anlayış dünyanın qəbul etdiyi tərzdədir. Hərbi Qənimətlər Parkında nümayiş olunan eksponatların hamısı orijinaldır, döyüş meydanında vurulan və erməni hərbçilərinin döyüş meydanında qoyub qaçdığı hərbi texnikalardır. Ölkəmin atdığı bu addım çox doğrudur və bizim şanlı qələbəmizi nümayiş etdirir. Azərbaycan xalqı, dünyada yaşayan soydaşlarımız və o cümlədən haqq və ədalətin yanında dayanan xalqlar, millətlər də bu muzeylə fəxr edir. Təəssüf edirəm ki, səfir bir milyona yaxın azərbaycanlının 30 il didərgin düşdüyünü, Ermənistanın işğal etdiyi əraziləri xarabazara çevirdiyini, məscidlərimizdə donuz saxladığını "unudub". Şəhər və kəndləri xarabazar edən bir xalq necə ləyaqətli ola bilər? Bu suala cavab versin".

Partiya sədri hesab edir ki, Fransa XİN səfirin bu sözlərinə görə, Azərbaycandan üzr istəməlidir.

Fransanın Ermənistandakı səfiri Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı şərhində bildirib ki, “müharibə tamaşa predmeti olmamalıdır”. Səfir, həmçinin Ermənistanın məğlubiyyətini “ləyaqətli məğlubiyyət” adlandırıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Deputat   Fransa   XİN