Ərdoğan üçün `düyməyə basılıb` - TƏHLİL

Ərdoğan üçün `düyməyə basılıb` - TƏHLİL
  02 Mart 2014    Oxunub:2444
Türkiyədə davam edən Ərdoğan-Gülən savaşı hər həftə ölkənin gündəmində yeni bombalar partlatmaqdadır. Xüsusilə də yerli seçkilərin keçiriləcəyi 30 mart tarixi yaxınlaşdıqca kompromat zərbələri daha amansız və öldürücü olub.

Türkiyənin məşhur jurnalistlərindən birinin dililə desək, artıq hər axşam hansısa gizli telefon danışığı internetdə yayılmayanda adama qəribə gəlir. Həmin gizli yazıların ən çox səs-küy doğuranı isə şübhəsiz ki, Rəcəb Tayib Ərdoğanla oğlu Bilal Ərdoğanın telefon danışığı oldu.

Ərdoğanın bu danışığı necə yazıla bilərdi? Axı bütün dünyada dövlətlərin birinci şəxslərinin telefon danışıqları xüsusi şəkildə şifrələnir və əlavə olaraq, danışıq müddətincə kanal xüsusi texniki vasitələrlə dinlənmədən mühafizə olunur. Müasir rabitə kanallarının kompüter şifrələnməsini qırmaq praktik olaraq mümkün deyil. Demək, Ərdoğanın danışığı ancaq o halda yazıla bilərdi ki, onun birbaşa təhlükəsizliyini təmin etməli olan şəxslər də əks cəbhəyə `işləsinlər`.

Başqa sözlə, ilk ehtimala görə, Ərdoğanın ən yaxın çevrəsində və dövlətin ən vacib strukturlarında da Fətullah Gülənə `işləyən` şəxslərin olduğu ortaya çıxır. Onların Gülənəmi işlədiklər, yoxsa Hocaəfəndinin özünün arada bir marionet olduğu isə ayrı və daha ciddi bir sualdır.

Əgər qəbul etsək ki, hər halda, Fətullah Hocaəfəndi çox nüfuzlu olsa belə, sadəcə bir molladan savayı ayrı şey deyil, bütün bunların arxasında Türkiyə kəşfiyyatından daha üstün bir xüsusi xidmətin dayandığı qənaətinə gələ bilərik. Dünyada isə istənilən liderin danışığını yaza biləcək ancaq bir kəşfiyyat var.

İndi bunu deyə bilərik ki, bütün bu ssenari haradasa 10 il əvvəlcədən düşünülüb. Türkiyədə dindar hökumət qurulanda çoxları soruşurdu ki, bu hökumətin mənəvi atalarından biri olan Fətullah Gülən niyə ölkəyə qayıtmır. Sualın cavabı indi aydın olur – zamanı gələndə elə həmin hökuməti xaricdən dağırtmaq üçün. İndi zamanı gəlib, mavr isə getməlidir. Bu dramda mavr - Ərdoğandır. Son vaxtlarda isteriya keçirdiyi açıq hiss olunan Ərdoğan. İndi o, iqtisadiyyatı çiçəklənməkdə olan ölkənin uğurlu baş naziri yox, küncə sıxışdırılmış tipik müsəlman lideri təsiri bağışlayır.

Amma onun qəzəbli çağırışlarının çətin ki, effekti olsun. Türkiyə mətbuatında tez-tez işlənən bir ifadəni təkrarlasaq, `artıq biriləri düyməyə basıb`. Və bu məsələ `Ərdoğanmı Güləni ağladacaq, yoxsa Gülənmi Ərdoğanı doğulduğuna peşman edəcək` kimi sualların çərçivəsini aşıb. Bundan sonra artıq Ərdoğan Gülənə və onun camaatına qalib gəlsə belə, heç bir faydası yoxdur. Birincisi, baş nazirin və partiyasının nüfuzu dəhşətli dərəcədə zədələnib. İkincisi, artıq digər müxalifət partiyaları da Gülənə dəstək verməyə başlayırlar. Artıq CHP lideri Kamal Kılıcdaroğlu bəyan edib ki, indən belə Ərdoğana `baş nazir` deməyəcəklər.

Ərdoğanın Gülənə ünvanladığı ittihamları sistemləşdirəndə məlum olur ki, o, bir – Hökumətin daxilində paralel hökumət qurub; iki – CHP və MHP-ni öz siyasi girovuna çevirib; üç – mili iradə və demokratiyanı əsir edib; dörd – hüquq-mühafizə sistemini inhisara alıb və sair və ilaxır. Sual çıxır ki, yaa, abi, bu Fətullah Gülən nə imiş yaaa? Molla, yoxsa Fantomas? Və əgər o, bütün bunları doğrudan da bacarıbsa, onda Ərdoğan və onun hökuməti indiyə qədər hara baxırmış?

Yayılan bəzi bilgilərə görə, Ərdoğan Fətullah Güləni Pensilvaniyadan İmralıya köçürmək üçün artıq Obamaya müraciət edib. Sual çıxır: doğrudanmı o, bu qədər sadəlövhdür? Ərdoğanın yerinə daha tədbirli bir siyasətçi olsa, yəqin ki, artıq yıxılacağı yerə saman döşəməyə başlayardı.

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti