Azərbaycanda neftin qiyməti qalxmayacaq

Azərbaycanda neftin qiyməti qalxmayacaq
  02 Mart 2014    Oxunub:1229

Azərbaycan neft məhsullarının vergi dərəcələrinin dəyişdirilməsi ilə əlaqədar büdcə proqnozlarına yenidən baxmaq niyyətində deyil.
Azərbaycan Nazirlər Kabinetinin neft məhsullarının idxalı üzrə aksiz vergisi dərəcələrinin və gömrük rüsumlarının yenidən qiymətləndirilməsi haqqında qərarı ilə əlaqədar 2014-cü il dövlət büdcəsinin proqnozlarına yenidən baxılmayacaq. Bu barədə AzVision.az -ə Azərbaycan Maliyyə Nazirliyindən bildirilib.

Nazirlikdən deyiblər ki, Nazirlər Kabinetinin neft məhsullarının idxalı üzrə aksiz dərəcələrinin azaldılmasına dair qərarı dövlət büdcəsinə daxilolmalar üzrə proqnozların yerinə yetirilməsinə təsir etməyəcək: "Ümid edirik ki, proqnoz digər mənbələrdən yığımların həcmlərinin artırılması hesabına yerinə yetiriləcək ki, bu da istehsalın artımı ilə şərtlənir".

Nazirliyin nümayəndəsi əlavə edib ki, əgər aksizlər üzrə yığımların azalması büdcə proqnozlarının yerinə yetirilməsinə təsir edərsə, onda müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, fevralın 7-də Azərbaycan Nazirlər Kabineti benzin idxalı üzrə aksiz dərəcələrinə dəyişiklik edib.
Qərara əsasən, 95-dən yuxarı olmayan (bir litrinin tərkibində həm aşağı, həm də 0,013 qramdan yuxarı qurğuşun olan) oktan ədədli mühərrik benzininin aksiz dərəcələri yanacağın bir tonuna görə bir dollar məbləğində saxlanır.

95-dən yuxarı, lakin 98-dən yuxarı olmayan (bir litrinin tərkibində həm aşağı, həm də 0,013 qramdan yuxarı qurğuşun olan) oktan ədədli mühərrik benzininin aksizləri bir ton üçün 100 dollar məbləğində müəyyən edilir. 98 və yuxarı (tərkibindəki qurğuşundan asılı olmayaraq) oktan ədədli mühərrik benzininin aksiz dərəcələri bir ton üçün 150 dollar təşkil edəcək.

Nazirlər Kabinetinin digər qərarına əsasən, neft məhsulları üzrə aksiz dərəcələrinə dəyişiklik edilib. Qərara əsasən, aksiz vergi dərəcəsi Aİ-95 avtomobil benzini üzrə 2,5 dəfə, Aİ-92 və Aİ-80 avtomobil benzinləri üzrə 2 dəfə, dizel yanacağı 3,2 dəfə, reaktiv mühərrik yanacağı 7,6 dəfə, nafta 5,4 dəfə, maye qaz 3 dəfə, mühərrik yanacağı (DT-36) 7 dəfə, mühərrik yanacağı (DT-20) 5,2 dəfə, soba mazutu 49 dəfə, bitum (BN-60/90, BNB-60/70) üzrə isə 16,4 dəfə azaldılıb.



Teqlər:  





Xəbər lenti