Yaponiyada Azərbaycan stendi maraq cəlb etdi

Yaponiyada Azərbaycan stendi maraq cəlb etdi
  02 Mart 2014    Oxunub:1067
Ito beynəlxalq əməkdaşlıq festivalında ilk dəfə təqdim edilən Azərbaycan stendi böyük maraqla qarşılanıb.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, martın 2-də Yaponiyanın İto şəhərində təşkil edilmiş beynəlxalq əməkdaşlıq festivalında ilk dəfə təqdim olunan Azərbaycan stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

İto şəhərinin meri Hiromi Tsukuda bildirmişdir ki, artıq ənənəyə çevrilmiş bu festival yerli sakinlərlə digər xalqlar arasında sıx dostluq münasibətlərinin formalaşmasında mühüm rol oynayır. Festivalda İto şəhərinin dünyanın müxtəlif ölkələrində qardaşlaşdığı şəhərləri də öz stendləri, milli rəqs və musiqiləri ilə fəal iştirak edirlər. Ötən ilin noyabrında Azərbaycanın İsmayıllı rayonu ilə İto şəhəri arasında dostluq mübadiləsi haqqında müqavilənin imzalandığını xatırladan H.Tsukuda festivalda ilk dəfə Azərbaycan stendinin də təqdim edildiyini vurğulanıb.

Tədbirdə çıxış edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə demişdir ki, gündoğar ölkədə ənənə halını almış beynəlxalq festivallar burda yaşayan müxtəlif xalqların nümayəndələri arasında mehriban əməkdaşlıq, səmimi qonşuluq münasibətlərinin qurulmasında, onların həm yapon xalqının, həm də bir-birinin mədəniyyətini, adət-ənənələrini öyrənməsində mühüm əhəmiyyət kəsb edir. İto şəhərinin rəhbərliyinə və sakinlərə mehriban dostluq münasibətinə və əməkdaşlığa görə minnətdarlığını bildirən azərbaycanlı diplomat, bu festivalın müxtəlif xalqların adət-ənənələri və mədəniyyəti ilə yaxından tanış olmaq üçün əlverişli şərait yaratdığını vurğulanıb.

Diplomat, həmçinin qədim və zəngin mədəniyyətimiz haqqında danışmış, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş muğam sənəti, baharın gəlişini bildirən Novruz bayramı, ölkəmizin turizm imkanları barədə məlumat vermişdir. Bu gün Azərbaycanın həm tarixi, həm də müasirliyi özündə əks etdirən bir məkan olduğunu diqqətə çatdıran G.İsmayılzadə qədim İpək yolunun tərkib hissələri olan Azərbaycanla Yaponiyanı dərin tarixi köklərin birləşdirdiyini, iki ölkə arasında bu gün də ümumi maraqlara və hörmətə əsaslanan dostluq münasibətlərinin qürur doğurduğunu diqqətə çatdırıb.

Sonra tədbir iştirakçıları Azərbaycan, İngiltərə, Fransa, Avstraliya və İtaliya səfirlikləri tərəfindən hazırlanıb stendlərlə tanış olublar.

Azərbaycan səfirliyinin hazırladığı stenddə milli adət-ənənələrimizi, Bakı mənzərələrini əks etdirən eksponat və rəsm əsərləri, ölkəmiz haqqında yapon dilində müxtəlif nəşrlər, “İRS-İsan” jurnalının nömrələri, İsmayıllı rayonundan gətirilmiş ərzaq məhsullarının və şərabların nümunələri tədbir iştirakçılarına təqdim edilib.

Tədbir iştirakçıları Azərbaycan stendinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd etmişlər. İsmayıllı balının, çərəzlərin və şərabların dadına baxanlar isə onların çox tamlı olduğunu söyləyiblər.








Teqlər:  





Xəbər lenti