Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb

Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb
  16 Aprel 2021    Oxunub:2490
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və dərman preparatlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Azvision.az -a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. DSX əməkdaşlarının sayığlığı nəticəsində ümumi çəkisi 4 kiloqram 758 qram narkotik vasitələrə bənzər maddələrin, 718 ədəd güclü təsir edən maddələrin və 14841 ədəd dərman preparatların dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Belə ki, aprel ayının 12-də “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Gürcüstandan Azərbaycana rəsmi qaydada gələn Azərbaycan vətəndaşı 1992-ci il təvəllüdlü Bakı şəhər sakini Əhmədov Nicad Məmməd oğlunun idarə etdiyi “MAN” markalı 99-CY-071 dövlət nömrə nişanlı avtomobilin yük salonuna baxış zamanı 14841 ədəd aksiz markası olmayan dərman preparatları aşkar olunaraq götürülüb.

Aprel ayının 14-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.

Ağcabədi rayon sakini 1994-cü il təvəllüdlü Rəhimov Cahandar Tahir oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 758 qram narkotik vasitəyə (2042 qram “tiryək”, 2716 qram “marixuana”, 500 ədəd “gabaprel” və 218 ədəd “mydrax” güclü təsir edən maddələrin) bənzər maddələr aşkar olunaraq götürülüb.

Narkotik vasitənin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət mə­suliy­yətinə cəlb edilməsi istiqamətində keçirilən əməliyyat-istintaq tədbir­ləri nəticəsində Ağcabədi rayon sakini 1999-cu il təvəllüdlü Orucov Elşad Oruc oğlu saxlanılıb. Faktlar üzrə cinayət işləri başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işləri üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: DSX  





Xəbər lenti