Qoruqlarda “Açıq qapı” günü keçirilib

  19 Aprel 2021    Oxunub : 2183
Qoruqlarda “Açıq qapı” günü keçirilib
Aprelin 18-də Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə “Açıq qapı” günü təşkil olunub.
Dövlət Turizm Agentliyindən Azvision.az -a bildirilib ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə keçirilən “Açıq qapı” günündə müxtəlif mövzularda sərgilər və məlumatlandırma sessiyaları keçirilib.

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil edilən sərgidə milli musiqi alətləri, Bakının müasir və tarixi binalarının maketləri qonaqlara nümayiş etdirilib, milli geyimdə foto çəkdirmək üçün guşə yaradılıb.

“Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil edilən “Tarix və Mədəniyyət Nümunələri Xalqın Milli Sərvətidir” adlı sərgidə orta əsr Azərbaycan sənətkarlarının əl işləri, misgərlik məmulatları sərgilənib. Qoruq ərazisində Argentina Respublikasının mədəniyyət profilli “Kanal A” televiziyası da çəkiliş aparıb.



“Kiş” Tarix-Memarlıq Qoruğunun həyətində yerli sənətkarların əl işləri nümayiş etdirilib. Ziyarətçilərə Kiş Alban Məbədinin tarixi, qoruqda yerləşən digər tarixi mədəniyyət abidələrinin əhəmiyyəti və mühafizəsi ilə bağlı məlumat verilib.

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda gənc rəssamların abidələrlə bağlı əl işləri sərgilənib. Şəki Tarix Diyarşünaslıq muzeyində şəhərin qədimliyini əks etdirən tarixi abidələrin fotolarından ibarət sərgi təşkil olunub. Həmçinin Şəki Xalq Tətbiqi Sənəti Muzeyində xovlu sənət ustası Rəhman Kamiloğlunun əl işlərindən ibarət sərgi keçirilib. Yalnız Şəkidə mövcud olan bu sənət növü üzrə hazırlanan əsərlərdə əsasən təbiət mənzərələri, kənd həyatının motivləri əks olunub.

Şəki Dövlət Rəsm Qalereyasının bağında - açıq havada “Tarixi abidələr rəssamların gözü ilə” adlı sərgi təşkil olunub. Şəkili rəssamlar Aynur Məsimova, Nazim Səmədov və Qurban Oruclunun kətan üzərində yağlı boya və akvarel boya ilə kağız üzərində çəkdikləri əsərlər qonaqların marağına səbəb olub.

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloj qazıntıların aparıldığı XVI əsr abidəsi - Şeyx Məhəmməd Məscidində məktəblilər üçün tədbir keçirilib.

“Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruğunda yerləşən abidələrə ziyarətçilər üçün müəyyən marşrutlar üzrə turlar hazırlanıb. Qoruq ərazisində yerləşən sənətkar emalatxanalarında ödənişsiz olaraq master-klasslar təşkil edilib.

“Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda ziyarətçilərə ödənişsiz xidmət göstərilib, qonaqlar üçün ekskursiyalar təşkil olunub.



Azvision.az

Teqlər: