“Donor orqanlarının çatışmazlığı böyük maneədir” - İdarə rəisi

  20 Aprel 2021    Oxunub : 1095
“Donor orqanlarının çatışmazlığı böyük maneədir” -  İdarə rəisi
"ÜST-ün məlumatına görə, 2018-ci ildə dünyada 146 840 orqan transplantasiyası həyata keçirilib. Bunların böyük hissəsi böyrək və qaraciyər orqanlarının köçürülməsi əməliyyatları olub. Məlumata əsasən, orqan transplantasiyası mövcud tələbatın 10 faizini ödəyə bilir. Bunların əksəriyyəti iqtisadi və texnoloji cəhətdən inkişaf etmiş ölkələrdə həyata keçirilir. Azərbaycan da bu ölkələr sırasındadır".
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov "Orqan bağışı problemi və transplantasiya" mövzusunda keçirilən elmi konfransda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda ölkədə böyrək və ağciyər tranpslantasiyası uğurla icra edilir.

“Meyitdən orqan transplantasiyasının həyata keçirilə bilməməsi bu sahənin inkişafında böyük maneə olaraq qalmaqdadır. Böyrək və qaraciyər transplantasiyasına ehtiyac olan pasiyentlərin yalnız onda birində əməliyyatlar icra edilə bilər. Donor orqanlarının çatışmazlığı belə vəziyyətin olmasının başlıca səbəblərdəndir".

C.Məmmədov qeyd edib ki, dünyada qaraciyər transplantasiyasının 36,2 faizi, böyrək transplantasiyasının 19,2 faizi canlıdan-canlıya əməliyyatlar vasitəsilə həyata keçirilir:

"Ölkəmizdə meyitdən orqan transplantasiyası həyata keçirilmədiyi üçün mədəaltı vəz, ağciyər və bir sıra orqanların köçürülməsi mümkün olmur. Buna görə, donora ehtiyacı olan və əməliyyat olunmadığı üçün həyatını itirən bir çox insanlar var”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Orqan   Transplantasiya