Rayonlara yağış yağacaq, dolu düşəcək

  21 Aprel 2021    Oxunub : 1025
Rayonlara yağış yağacaq, dolu düşəcək
Aprelin 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 22-də Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Aprelin 22-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azvision.az

Teqlər: Hava   Yağış