Regionların inkişafında Hacıqabul nümunəsi

Regionların inkişafında Hacıqabul nümunəsi
  22 Aprel 2021    Oxunub:10607
Azərbaycanda sosial-iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Pandemiya şəraitinə baxmayaraq, ölkəmizdə bu istiqamətdə nəzərəçarpacaq irəliləyiş müşahidə olunur. Siyasi sahədə olduğu kimi sosial-iqtisadi sferada da nailiyyətlərin əldə olunması şübhəsiz ki, ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu strategiyanın və islahatların nəticəsidir.
İllər öncə Prezident bölgələrin potensial imkanlarından istifadə etmək məqsədilə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramını təsdiqləmişdi. Artıq 2004-cü ildən icrasına başlanılan bu proqramlar regionların inkişafına ciddi təkan verdi.

Hazırda dövlətin qarşısında duran əsas prioritetlərdən biri regionların inkişafını sürətləndirmək, əhalinin rifahını yüksək səviyyəyə qaldırmaqdır. Bütün addımlar məhz buna hesablanıb. Bu gün regionların sosial-iqtisadi inkişafını Hacıqabul rayonunun nümunəsində görmək olar.



Azərbaycan Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabula səfəri çərçivəsində burada bir sıra yeni mühüm obyektlərin açılışını etdi. Ölkə başçısı rayonda görülmüş işlərlə tanış oldu, müvafiq tapşırıqlarını verdi:

“Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Bütün ölkə üzrə böyük işlər görülmüşdür. Hacıqabulda bu işlər artıq son mərhələdədir. İnfrastruktur layihələrinə gəldikdə, deyə bilərəm ki, Hacıqabulda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıbdır. Rayon tam qazlaşdırılıb. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb və bu gün artıq yeni yarımstansiyanın açılışı da bunu göstərir. Çünki tələbat artıb. İçməli su layihəsi hələ 2013-cü ildə icra edilmişdir və Hacıqabul şəhəri içməli su ilə təmin olundu...”.



Göründüyü kimi, Hacıqabul əvvəlki illərlə müqayisədə xeyli dəyişib, perspektiv vəd edən bölgəyə yeni nəfəs gəlib. İllər əvvəl iqtisadi cəhətdən geridə olan rayonda bu gün investisiya mühiti daha da yaxşılaşdırılıb.

Prezidentin Hacıqabula səfəri zamanı açılışını etdiyi “Azərsun Şamaxı Aqropark”ı digər aqroparklar kimi ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bu müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 2000 baş südçülük istiqamətli olmaqla, 5000 baş iribuynuzlu heyvan saxlanılır. Gündəlik süd istehsalı 50 tondur. Müəssisə gələn ildən etibarən 1000 baş damazlıq düyə yetişdirməyi hədəfləyir. Kompleksdə Azərbaycanda ilk dəfə embrion köçürülməsi həyata keçirilib.



Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Aqropark yaradılarkən müasir suvarma sisteminin quraşdırılması nəzərə alınıb. Suvarma üçün ümumi tutumu 2,6 milyon kubmetr olan iki süni göl yaradılıb. Ərazidə ən müasir texnologiyaların tətbiqi ilə suvarma sistemi qurulub. Ümumilikdə 77 milyon manat sərmayənin yatırıldığı aqroparkda 200 nəfər daimi işlə təmin olunub. Bundan əlavə, mövsümdə işçilərin sayı 500 nəfərə çatır.

Hacıqabulda inşa edilmiş müəssisə təkcə rayonda yeni iş yerlərinin açılması imkanı yaratmayacaq, regionun, ümumilikdə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək.

Hacıqabulda kənd təsərrüfatının inkişafından danışarkən burada son illərdə kənd təsərrüfatının aparıcı sahələrindən birinə çevrilən pambıqçılığın dirçəldilməsi də diqqət çəkir. Hacıqabul hər il pambıq əkini və tədarükü ilə seçilir. Təbii ki, məhsuldarlığın artması 13 iyul 2017-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın icrası və bu sahədə əldə edilmiş mühüm irəliləyişlərin nəticəsidir.



Bu gün Azərbaycanda yalnız pambıqçılıqla məşğul olanlara deyil, ümumilikdə bütün fermerlərə yüksək səviyyədə dövlət dəstəyi gösətirilir və onlara müəyyən imtiyazlar verilir ki, bu da fermer təsərrüfütalarının genişlənməsində əhəmiyyətli rol oynayır. Ölkə rəhbərliyi hər zaman fermerləri xüsusilə diqqətdə saxlayıb, onların problemləri ilə yaxından maraqlanaraq öz dəstəyini əsirgəmir.

Hacıqabulda kəndli-fermer təsərrüfatlarının, ümumilikdə kənd təsərrüfatının müasir üsullarla inkişaf etdirilməsinin, məhsuldarlığın yüksəlməsinin, insanların məşğulluğunun təmin edilməsi ilə paralel olaraq rayonun sənayeləşməsinin aparılması da təqdir edilməlidir. Artıq sənaye müəssisələrinin yaradılması istiqamətində qısa zamanda görülmüş işlər rayonda öz praktiki nəticələrini verir.
Ümumiyyətlə, Azərbaycan qeyri-neft sektorunun inkişafı, xüsusən də regionlarda sənaye parklarının yaradılması prioritet olub. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında sənaye məhəllələrinin yaradılması bundan sonra diqqətdə saxlanılacaq.



Prezident İlham Əliyev rayona səfəri zamanı Hacıqabul Sənaye Məhəlləsinin də açılışını etdi. Burada 100 nəfərdən çox insanın məşğulluğu təmin ediləcək. Zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra olunacaq. Yeni inşa edilən zavodda müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub ki, həmin müəssisələrdə yük və xüsusi təyinatlı avtomobillər, plastik su qabları, müxtəlif növ gübrələr və digər məhsullar istehsal edilir. Beləliklə, bu müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayacaq. Həmçinin sənaye məhəllələrinin yaradılması daxili tələbatı ödəməklə yanaşı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətliliyin artmasına xidmət edəcək.



Regionların inkişafı fonunda- sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatının bölgələrdə dirçəldilməsi ilə paralel olaraq yolların yenidən qurulması da mühüm əhəmiyyət kəsb edir. Prezidentin müvafiq tapşırıqları əsasında hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması da geniş vüsət alıb. Bütün bölgələrdə kənd yollarının tikintisi ilbəil genişləndirilir. Bu, həm sosial, həm də iqtisadi layihələrdir. Həmin layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılır. Təzə kənd yolları yerlərdə aqrar bölmənin əsaslı şəkildə inkişafına təkan verir, kənd təsərrüfatı məhsullarının bazarlara rahat və operativ şəkildə çatdırılmasına əlverişli şərait yaradır. Bu mənada yenidən qurulan Hacıqabul-Muğan avtomobil yolunun əhəmiyyəti xeyli artıb. Prezident İlham Əliyev rayona səfəri zamanı açılışını etdiyi Hacıqabul-Muğan avtomobil yolunun yenidən qurulması 32 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsi arasındakı nəqliyyat əlaqəsinin yaxşılaşmasına, yük və sərnişin daşımalarının asanlaşmasına müsbət təsir edəcək. Təbii ki, müasir yol infrastrukturunun qurulması, Hacıqabul-Muğan avtomobil yolunun açılışı yalnız yerli əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına töhfə verməyəcək, bölgədə iqtisadi göstəricilərin daha da yüksəlməsinə, kənd təsərrüfatı məhsullarının eləcə də sənaye məhsullarının zamanında keyfiyyətli şəkildə daşınması, ixracına şərait yaradacaq.



Hacıqabulun timsalında bir daha əmin olduq ki, Azərbaycan regionlarda yalnız kənd təsərrüfatı və sənaye müəssisələrinin inkişafı ilə diqqət çəkmir, müasir yol-nəqliyyat infrastrukturunu quran ölkə kimi də önə çıxır.

Bir sözlə, dəyişən, inkişaf edən, son illərin regionda aparıcı dövlətinə çevrilən Azərbaycanda qeyri-neft sektorunun inkişafı, regionların sosial-iqtisadi inkişafının yüksəldilməsi prioritet məsələyə çevrilib. Bu gün Azərbaycanın bütün bölgələrində kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi və regionların sənayeləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Fermerlərin dövlət tərəfindən davamlı dəstək alması iqtisadi inkişafı stimullaşdırır. Yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə də sənaye müəssisələrinin qurulması, kənd təsərrüfatı sahəsinin dirçəldilməsi ölkəmizə böyük iqtisadi dividentlər qazandıracaq.

Tural Tağıyev
Azvision.az


Teqlər: Sənaye   Hacıqabul  





Xəbər lenti