Azərbaycanda qətl törədən vəzifəli şəxslər tutuldu

   Azərbaycanda qətl törədən vəzifəli şəxslər tutuldu
  23 Aprel 2021    Oxunub:2375
18 aprel 2021-ci il tarixdə Cəlilabad rayon sakini 1963-cü il təvəllüdlü Abdullayev Əflatun İltifat oğlunun avtomobili ilə evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı Cəlilabad rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.
Azvision.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, araşdırmalarla Cəlilabad rayon İcra Hakimiyyətinin Təklə kəndi üzrə nümayəndəsi Mahmudov Famil Əzizağa oğlu, Seyidbazar kəndi üzrə nümayəndəsi İsmayılov Zeydulla İsmayıl oğlu və Türkiyə Respublikasının vətəndaşı Kurtoğlu Mehmet Ali İsmet oğlunun Əflatun Abdullayevi qəsdən öldürmələrinə və meyitini Sabirabad rayonu ərazisindəki su kanalının kolluq hissəsinə atmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Famil Mahmudov, Zeydulla İsmayılov və Mehmet Ali Kurtoğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayətin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri və intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Cəlilabad   Qətl  





Xəbər lenti