Bakıda 551 küçə dezinfeksiya edilib - YENİLƏNİB

Bakıda 551 küçə dezinfeksiya edilib -  YENİLƏNİB
  24 Aprel 2021    Oxunub:9578
Bu gün paytaxtda növbəti dəfə gücləndirilmiş dezinfeksiya tədbirləri keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, səhər saatlarından etibarən cari ildə dördüncü, pandemiyanın əvvəlindən isə 22-ci dəfə həyata keçirilən gücləndirilmiş dezinfeksiya işləri zamanı 551 küçə dezinfeksiya olunub.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir.







***08:59

Ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin həyata keçirilməsi davam edir.

BŞİH-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakı şəhərində koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq aprel ayının 24-ü səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən cari ildə dördüncü, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə artıq 22-ci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.



Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri bir gün əvvəldən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.



Bildirilib ki, əsas məqsədi vətəndaşlarımızı bu pandemiyadan qorumaq olan geniş dezinfeksiya tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və bu tədbirlər davam etdiriləcəkdir.

Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

Azvision.az


Teqlər: Bakı   Küçə   Dezinfeksiya  





Xəbər lenti