İlqar Muradovun həmkarlarından fərqi nədir?

İlqar Muradovun həmkarlarından fərqi nədir?
  04 Mart 2014    Oxunub:1744
Müsəllim Həsənov

Bu sualın cavabı bir qədər sonra...
Mən həmişə düşünmüşəm ki, bizim müğənnilər ancaq oxumalıdır.
Təbii ki, mən kitab oxumağı nəzərdə tutmuram...
Bizim şou-biznes aləmində kitab oxuyanların az olduğu bir yana, onlar həm də kitab oxuyanlara bir az pis baxırlar. Ən azı özlərinin həyat şəraitinin kitab oxuyanlardan daha yüksək olması həqiqətini gördükləri üçün. Bu, son illərin daha bir qəribə reallığıdır və bunun niyə belə olduğu barədə müzakirə açmaq həvəsim yoxdur.
Mən oxumaq deyəndə onu nəzərdə tuturam ki, müğənnilər öz işləri ilə - mahnı oxumaqla məşğul olmalıdır. Çünki onlar, daha doğrusu, onların əksəriyyəti danışanda işləri korlayırlar. Evlərini, villalarını göstərməkdən həzz alırlar. Söz demək üçün əllərinə mikrofon düşən kimi “sənətkar” sözünü öz personalarına şamil etməklə təvazokarlıq deyilən sözün üstündən xətt çəkirlər. Hələ mən bu danışıqların məna və məntiqinə toxunmuram... Amma...

Amma, sən demə, bütün müğənnilər belə deyilmiş. Bu qənaətə gəlməyimə də yenə müğənni səbəb oldu. Daha doğrusu, bir həmkarımın müğənni İlqar Muradov haqqında dedikləri...
Övladına toy eləməyə hazırlaşan həmkarım İlqar Muradovun mobil nömrəsini tapır və ehtiyatla soruşur:

- İlqar müəllim, siz toya, adətən, neçəyə gedirsiniz? Xeyir işimiz var, istərdik ki, sizi də dəvət edək...

Başqa həmkarlarından fərqli olaraq telefona hansısa prodüser və ya köməkçilər (!) vasitəsilə yox, özü cavab verən İlqar Muradov:

- Əgər siz istəyirsizsə, heç bir problem yoxdur, mən gəlib övladınızı məmnuniyyətlə təbrik edərəm...

- Amma qiyməti bilmək pis olmazdı... Ola bilsin...

- Qətiyyən narahat olmağa dəyməz, siz ürəyinizdə nə tutursunuzsa kifayətdir... Sadəcə, toydan 10 gün qabaq bir də yada salın...

Bu da İlqar Muradov! Özü və oxuduğu mahnılar kimi sadə, anlaşıqlı və təvazökar...

Mən bilmirəm, İlqar Muradov həmkarımızın övladının toyunda oxuyacaq, ya yox?.. Ola bilsin ki, hansısa texniki problem üzündən bu, baş tutmasın. Amma həmkarım artıq hesab edir ki, İlqar Muradov onun övladının toyunda oxuyub...

Bu, bir insani münasibət reallığıdır.

Bu söhbət həm də bir sadəlik, təvazökarlıq, mən deyərdim ki, əsl sənətkarlıq nümunəsidir. Baxmayaraq ki, İlqar Muradov həmin telefon danışığında nə sənətkar olduğunu xatırladıb, nə özünün bu günkü reytinqini yada salıb. O, sadəcə, səmimi söhbət eləyib və bu söhbəti ilə toya hazırlaşan bir ailəni bəri başdan sevindirə bilib. Belə müğənninin oxumaqdan əlavə danışmağa da haqqı var. Çünki o, həm də danışa bilir. Başqa həmkarlarından fərqli olaraq özünü göylərə qaldırmır. İlqar Muradov onsuz da hər zaman zirvədədir.

Mən müasir estradımızın zirvəsini nəzərdə tuturam...


Teqlər:  





Xəbər lenti