Dövlət Komitəsi yeni layihəyə başlayır

Dövlət Komitəsi yeni layihəyə başlayır
  27 Aprel 2021    Oxunub:2392
Aprelin 28-dən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların iştirakı ilə “Vətəni sevək ona layiq olaq” adlı layihəyə başlanılacaq.
Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, layihə görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın unudulmaz xatirəsinə həsr olunacaq.

Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər və yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. O, əldə etdiyi nailiyyətləri, eləcə də, böyük insani keyfiyyətləri ilə yaddaşlarda qalmaqla yanaşı, həm də gənc nəsil üçün bir nümunədir.

Xalqımız qəlblərdə dərin iz salmış alicənab qadın, bu müdrik xanımın xatirəsini hər zaman əziz tutur, onu hörmətlə anır.

Qeyd olunan tarixdən etibarən keçiriləcək tədbir çərçivəsində uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının formalaşdırılması, dünyagörüşünün inkişafı, eləcə də, öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakın təmin olunması məqsədilə ölkənin görkəmli nümayəndələri ilə görüşlər təşkil olunacaq.

Onlayn tədbirdə Uşaq Səfirlər məclisinin üzvləri, eləcə də respublikanın regionlarını əhatə etməklə öz istedadı və fəallığı, əldə etdiyi nailiyyətləri ilə seçilən, 14-17 yaş qrupundan 100-ə yaxın uşaqların iştirakı nəzərdə tutulur.

Görüş 5 gün olmaqla - 28 aprel, 4 may, 6 may, 19 may və 27 may tarixlərini (saat 15:00-16:00) əhatə edəcək.

Azvision.az


Teqlər: Komitə   Layihə  





Xəbər lenti