“Köç vaxtı quşların ovu qadağandır” - Elçin Sultanov

“Köç vaxtı quşların ovu qadağandır” -   Elçin Sultanov
  10 May 2021    Oxunub:3887
Bu gün Beynəlxalq Köçəri Quşlar günüdür. Köçəri quşlar Azərbaycan üçün olduqca vacib rol oynayır. Çünki Azərbaycanın coğrafi yerləşməsi və iqlimi Şimalda-Tundra, Tayqa qırağında, Rusiyada küllü miqdarda yuvalayan quşların qışlamağa Azərbaycana, suptropik iqlimə gəlməsinə səbəb olur.
Bunu Azvision.az -a Azərbaycan Ornitoloqlar Cəmiyyətinin sədri Elçin Sultanov deyib. O bildirib ki, Aranın yarımsəhrası və burada yerləşən şoran göllər qış vaxtı maksimum məhsuldarlığa çatdığı üçün qışlayan quşları qida ilə təmin edir.

"Beləliklə milyonlarla köçəri quşlar həm köç vaxtı, həm də qışlamada qida ilə təmin edilirlər. Su quşları, qaz, ördək və digərləri əsasən Volqa, Ural arasından, Qərbi Sibir və Qazaxıstan ərazisindən Azərbaycan ərazisinə gəlir. Azərbaycanda yuvalayan quşlar isə qışlamada Şimal-Şərqi Afrikaya gedir. İndi onlar həmin ərazilərdən və Hindistandan qayıdırlar, Azərbaycana gəlib yuvalayırlar. Bunlar vağlar, ibislər, xırda sərçəkimi quşlardır. Azərbaycan köçəri quşları üçün olduqca mühüm rol oynayır".

Köç yollarında bəzən daralma getdiyini vurğulayan E.Sultanov bildirib ki, Böyük Qafqazla Xəzər dənizi arasında, Beşbarmaq ərazisindən dar dəhliz keçir.

"Dəvəçi limanı ərazisində bu quşlar küllü miqdarda köç edir. Burada beynəlxalq müşahidə nöqtələri yerləşir, hər il müxtəlif alimlər və quşsevərlər gəlib müşahidələr aparır. Buradan su quşları, yırtıcı quşlar, sərçəkimi quşlar köç edir. Ümumiyyətlə köç mövsümündə Azərbaycandan 10 milyonlarla quş köç edir. Payızda onların sayı 2-3 dəfə daha çox olur. Yazda daha az olur. Köç edən quşların onda biri Azərbaycanda qışlamada qalır. Azərbaycan köç edən quşları nadir növlərdirsə qoruyur və bir çox başqa ölkələrdən fərqli olaraq yaz köç vaxtı quşların ovu qətiyyən qadağandır. Çünki onlar yuvalamağa gedirlər və onları ovlamaq böyük səhv olardı".

Aytən Zəhra
Azvision.az


Teqlər: Köçəriquşlar  





Xəbər lenti