İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL

      İtirdiyimiz inflyasiya:    Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir –    TƏHLİL
  10 May 2021    Oxunub:10889
Hökumətin inflyasiyaya aid cari ilə dair proqnozu 4 faiz ətrafındadır və inamla qeyd olunur ki, bu, özünü doğruldacaq. İstehlak qiymətləri isə dəyişkən templə bahalaşmaqdadır.
Hazırkı bahalaşmanın iki səbəbi var. Birincisi, ən çox işlənilən enerjidaşıyıcısı olan Aİ-92 benzinilə dizel yanacağının bu ilin yanvarında bahalaşması və fevralın 1-dən suyun tarifinin artırılması; ikincisi isə keçənilki pandemiya şəraitinin təsirləri (istehsala zərbə dəyməsi). Digər tərəfdənsə neftin qiymətinin 70 ABŞ dollarına yaxınlaşması ilə tələbatın bərpa olmağa başlaması və sair kimi amillər üzündən ilin əvvəlindən dünya üzrə də bahalaşmanın baş verməsi.

Bəs ölkə üzrə inflyasiya göstəricisi bunu əks etdirirmi? Təəssüf ki, yox. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2021-ci ilin yanvar-mart aylarında ölkədə istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-mart aylarına nisbətən 3,9 faiz yüksəlib. Keçən ilin qeyd olunan dövründə isə əvvəlki, yəni 2019-cu ilin yanvar-mart aylarına görə bu rəqəm 3 faiz təşkil edirdi. Yəni, bu ilin ilk rübü ərzində guya, cəmi 0,9 faiz fərqlə artıq inflyasiya baş verib. Pandemiya dövrü ilə ona qədər olan dövrün müqayisəsində bu, mümkündürmü?! Şübhəsiz ki, yox.

DSK-nin açıqladığı rəqəmə əsasən, 2021-ci ilin yanvar-fevralında istehlak qiymətləri indeksi 2020-ci ilin müvafiq aylarına nisbətən 103,7 faiz olmuşdu ki, real inflyasiya səviyyəsi bundan yüksək idi. Çünki bahalaşmanı yaradan əsas faktor məhz benzinin ilə dizelin, o cümlədən suyun qiymətindəki artımlar hesab edildiyindən, bazardakı qiymət yüksəlişi rəsmi açıqlanan səviyyədə ola bilməz.

Demək istədiyim budur ki, cari ilin birinci rübünün yekununa dair inflyasiya göstəricisi də bahalaşmanın real səviyyəsini əks etdirmir. Və bu da ondan irəli gəlir ki, bizdə inflyasiya istehlak bazarı ilə əlaqəli bir göstərici sayılmır. Sözügedən göstəricinin heç bilavasitə iqtisadi artımla da belə bağlılığı yoxdur. Hökumət inflyasiyanı faktiki olaraq bütün bunlardan ayrıca bir göstərici kimi proqnozlaşdırır, hesablayır və elan edir; istehlak bazarında isə hər dəfə bundan tam fərqli tendensiya və proseslər müşahidə edilir.



Başqa sözlə desəm, qiymətlər indeksi rəsmi inflyasiya göstəricisindən xeyli fərqli şəkildə təzahür edir. Bunu ilin əvvəlindən bəri istehlak bazarında çox işlənən ərzaq məhsulları, geyimlər və sair məhsullar üzrə qiymətlərdə ciddi artımlar müşahidə olunsa da, rəsmi şəkildə açıqlanan inflyasiya göstəricisi də sübut edir. Bu da ölkə iqtisadiyyatının spesifik xüsusiyyətlərindən irəli gəlir.
Məsələ bundadır ki, bahalaşmanı hər şeydən öncə, bazar diqtə edir. Hətta, ən güclü inhisarçılıq şəraitində belə, qiymət artımı üçün cüzi də olsa səbəb yoxdursa, bahalaşma heç bir halda yarana bilməz. Çünki bazarın öz şərtləri və qanunları var, tələb və təklif faktoru mövcuddur. Ümumiyyətlə, hər hansı bir malın və məhsulun qiyməti yüksəlirsə, demək, ya maya dəyəri qalxıb, ya da istehsalı azalıb; yox, əgər kənardan gətirilirsə, xərcləri genişlənib. Süni qiymət artımı üçün yalnız bütün bu amillərdən sonra şərait yaranır.

Ümumiyyətlə, inflyasiya iqtisadi artımla əlaqəli şəkildə mövcud olmadığı təqdirdə o, bazardakı vəziyyəti də düzgün əks etdirmir və etdirə də bilməz. Bir cəhətə diqqəti çəkim və xatırladım ki, bizdə həmişə iqtisadi artım yüksək səviyyədə olan illərdə inflyasiya aşağı, tənəzzül müşahidə edildikdə isə yuxarı həddə təzahür edib və edir. Ötən illər üzrə statistikaya diqqət yetirsək, görərik ki, 2003-cü ildən bəri ən yüksək səviyyədə - 20,8 faiz inflyasiya qeydə alındığı 2008-ci ildə ölkə üzrə ÜDM istehsalı əvvəlki ildəkinə nisbətən 10,8 faiz artmış, 2011-ci ildə isə ÜDM istehsalı 0,1 faizə düşdüyü halda inflyasiya 7,9 faiz təşkil etmişdi. Və yaxud, 2016-cı il ərzində ÜDM istehsalı üzrə 3,1 faiz tənəzzül baş verdiyi halda inflyasiya 12,4 faiz qeydə alınmışdı.

Bu arada, misal çəkim. ABŞ-ın Federal Ehtiyat Sistemi dolların məzənnəsinə baxarkən 3 göstəriciyə diqqət yetirir ki, bunlar iqtisadi artım, inflyasiya və işsizlik səviyyəsidir. İnflyasiya 2 faiz olanda ABŞ mərkəzi bankı bunu ciddi təhdid sayır, çünki iqtisadi artım olan yerdə inflyasiya azı 3-4 faiz təşkil etməlidir. Azərbaycan kimi ölkələrdə isə bu göstərici 7-8 faizdən yuxarıda ola bilər. Amma bizdə inflyasiya o zaman yüksəlir ki, dünya bazarlarında neftin qiyməti büdcədə nəzərdə tutulandan aşağı düşür. Bu zaman makroiqtisadi göstəricilər titrəməyə, iqtisadi mühit təşvişə düşməyə başlayır. Və son nəticədə də inflyasiya sürətlənir. 2015-2016-cı illərdə olduğu kimi...

Bu vəziyyət qalmaqda davam edir. Bu gün də dünya bazarında neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan həddən aşağı düşərsə, dərhal inflyasiya sürətlənəcək, qısa müddətdə ikirəqəmli səviyyəyə çatacaq. Əslində isə, sözügedən göstərici əlahiddə bir məhsulun xarici bazar konyunkturasına deyil, bütövlükdə ölkə iqtisadiyyatının inkişaf tempinə və bu sahədə mövcud dinamikaya bağlı olmalı, istehsal, istehlak bazarı, iqtisadi artım kimi üç göstəricidən ibarət zəncirin hər bir həlqəsi üzrə real durumu əks etdirməlidir.

Sözün qısası, cari ilə dair inflyasiya proqnozunun doğrulacağına inam ona görə var ki, ölkə iqtisadiyyatına, mövcud makroiqtisadi duruma xaricdən hər hansı kəskin təsir və təzyiqlər gözlənilmir. Bu, əslində normal hal deyil. İnflyasiya o zaman əsl iqtisadi göstərici kimi qəbul oluna bilər ki, iqtisadi artımla bağlılığı olsun. Qısa desəm, Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı siyasəti və atdığı addımlar ona təsir etsin. İqtisadiyyatda artımın təmin olunması məqsədilə həyata keçirilər tədbirlər sözügedən göstəricini yerindən oynatsın.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Ölkədə dollar qıtlığı yoxdur – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
Bank sektorunda “tromblaşma”: Çıxış yolu nədir? - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
"Pandemiya böhranı" nə vaxt bitəcək? - TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər: İnflyasiya   İqtisadiyyat   Statistika  





Xəbər lenti