Gəncədə şəhid ailələri bayram münasibətilə ziyarət edildi

Gəncədə şəhid ailələri bayram münasibətilə ziyarət edildi
  12 May 2021    Oxunub:1653
Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları Ramazan bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrini ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, ziyarət zamanı polis əməkdaşları şəhid ailələrini bayram münasibətilə təbrik edib, onların gündəlik qayğıları ilə maraqlanıblar. Şəhid ailələrinə ərzaq yardımı edilib və hədiyyələr təqdim olunub.

Görüşdə bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Dövlət rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.

Şəhid ailələrinin üzvləri onlara göstərilən bu diqqət və qayğıya görə, polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

Azvision.az



Teqlər: Gəncə   Ramazan-bayramı  





Xəbər lenti