“Əl Əxbariya” qəzeti : İlham Əliyev Fransaya Əlcəzairdə törətdiyi cinayətləri xatırladıb

  12 May 2021    Oxunub :1779
  “Əl Əxbariya” qəzeti : İlham Əliyev Fransaya Əlcəzairdə törətdiyi cinayətləri xatırladıb
Əlcəzairin “Əl Əxbariya” qəzetində “Prezident İlham Əliyev Fransaya Əlcəzairdə törətdiyi cinayətləri xatırladıb” sərlövhəli məqalə dərc olunub.
Azvision.az xəbər verir ki, məqalədə Azərbaycanın dövlət başçısının son müsahibəsində Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının qətlə yetirilmiş liderlərinin kəllələrinin nümayiş etdirildiyi barədə sözləri vurğulanıb. Müəllif qeyd edib ki, Prezident İlham Əliyev fransız rəsmilərinə güzgüyə baxmağı məsləhət görüb.
Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti Fransa Senatını və Xarici İşlər Nazirliyini Bakıda yaradılmış Hərbi Qənimətlər Parkı ilə bağlı Azərbaycana qarşı aparılan çirkin kampaniyaya son qoymağa çağırıb.

Bu iftiraları yayan jurnalistlərə, xarici media nümayəndələrinə və siyasətçilərə müraciət edən Prezident İlham Əliyev əlavə edib ki, onlar öz işləri ilə məşğul olsunlar, çünki onların özləri problemlər içində çabalayır, min cür problemləri var.

Sonda qeyd olunub ki, Bakıdakı Hərbi Qənimətlər Parkı öz torpaqlarını işğaldan azad etmiş Azərbaycan Ordusunun rəşadətini əks etdirir.

Azvision.az


Teqlər: Əl-Əxbariya