Şəhid Sarvan Mirzəyevin ailəsi ziyarət olundu - FOTO

Şəhid Sarvan Mirzəyevin ailəsi ziyarət olundu -  FOTO
  12 May 2021    Oxunub:3943
Müqəddəs Ramazan bayramı ərəfəsində müdafiə nazirinin tapşırığına əsasən nazirliyin əməkdaşları respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə baş çəkir, məzarlarını ziyarət edir və bayram sovqatları təqdim edirlər.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, mayın 11-də bir qrup hərbi qulluqçu şəhid Sarvan Mirzəyevin Biləsuvar şəhərində yaşayan ailəsinə baş çəkib, onun ölümündən sonra övladının dünyaya gəlməsi münasibətilə ailəyə gözaydınlığı verib, şəhər qəbiristanlığındakı məzarını ziyarət edərək qarşısına Müdafiə Nazirliyi adından qızılgül çələngi qoyublar.



Ailənin istəyi ilə şəhid Sarvanın qızına Sarvanə adını verən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyi rəhbərliyinin təbrikini və hədiyyələri şəhidin ailəsinə çatdırıb.

Qeyd edilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sarvan Mirzəyev 1 yanvar 1995-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olub. Kənd tam orta məktəbini bitirib. 2013-2015-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçib. Ehtiyata buraxıldıqdan sonra ata-anasının razılığı və xeyir-duası ilə Naxçıvana gedərək Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində xüsusi təyinatlı kursa daxil olub və oranı müvəffəqiyyətlə bitirərək xüsusi təyinatlı qrupun kəşfiyyatçı-istehkamçısı kimi xidmətini davam etdirib.

Nəzərə çatdırılıb ki, Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycanın öz tarixi torpaqlarının düşmən işğalından azad olunması və respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda “Dəmir yumruq” əməliyyatı ilə başladığı Vətən müharibəsinə Naxçıvandan yola salının ilk xüsusi təyinatlıların tərkibində əsgər Sarvan Mirzəyev də qələbəyə böyük inam hissi ilə döyüşlərə qatılıb.
A.Qurbani bildirib ki, həmin vaxtlar Sarvanın qardaşı gizir Əfqan Mirzəli də artıq Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə peşəkar kəşfiyyatçı və cəsur döyüşçü kimi fəal iştirak edirdi.



Döyüşlər zamanı görüşmək imkanları olmasa da, hər iki qardaş “Dəmir yumruğ”un parlaq qələbəsinin təmin edilməsi naminə Şuşaya qədər şərəfli döyüş yolu keçiblər. Əfqan iki dəfə yaralanmasına baxmayaraq müalicə olunduqdan sonra yenidən döyüşlərə qatılıb.
Vurğulanıb ki, əsgər S.Mirzəyevin kursda keçdiyi təlimlər zamanı müxtəlif iqlim şəraitində, meşəlik, çətin keçilən dağ massivlərində, eləcə də yaşayış məntəqələrində, ekstremal vəziyyətlərdə xüsusi təyinatlı qrupun, həmçinin kəşfiyyatçı-istehkamçının vəzifələrini nəzəri və praktiki cəhətdən mükəmməl öyrənməsi döyüş əməliyyatları zamanı qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsinə zəmin yaradıb. O, arxadan gələn qüvvələrin təhlükəsiz hərəkəti, sahələrin minalardan təmizlənməsi və keçidlərin açılmasında fəal iştirak edib. Yaşayış məntəqələrimiz bir-birinin ardınca azad edildikcə və zirvələrdə Azərbaycan Bayrağı dalğalandıqca Sarvanın sevinci yerə-göyə sığmayıb. Şuşa şəhəri istiqamətində gedən hərbi əməliyyatlarda vəzifəsinin öhdəsindən layiqincə gəlib, son nəfəsinə və son gülləyədək vuruşaraq şəhidlik zirvəsinə ucalıb.

Şəhid Sarvan Mirzəyev ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin qardaşı Əfqan Mirzəli isə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb.
Şuşa uğrunda döyüşlərdə şəhid olan əsgər Səməd Kərimlinin qardaşı, Vətən müharibəsi iştirakçısı leytenant Elvin Kərimov qalib bir ölkənin vətəndaşı, rəşadətli Ordunun zabiti olmaqdan qürur duyduğunu, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev isə bu gün də hər bir Azərbaycan gəncinin Vətən naminə Müzəffər Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bildiriblər.

Şəhidin atası Əli Mirzəyev və Şuşa şəhərindən qısa müddətli məzuniyyətə gələn qardaşı gizir Əfqan Mirzəli şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Şəhid  





Xəbər lenti