“Ölkəmizdə epidemioloji vəziyyət stabilləşir” - Həkim-infeksionist

 “Ölkəmizdə epidemioloji vəziyyət stabilləşir” -  Həkim-infeksionist
  16 May 2021    Oxunub:3117
Ölkəmizdə epidemioloji vəziyyət stabilləşməyə doğru gedir. Koronavirusa yoluxanların sayının kəskin şəkildə azalması müsbət dinamikadır.

Bunu Azvision.az -a açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, virusa yoluxanların və ölənlərin sayının gündəlik olaraq azalmasına səbəb insanların qaydalara əməl etməsidir.
"Bir həftə ərzində nəqliyyatın işləməməsi də öz təsirini göstərdi. Bunlar koronavirusa yoluxanların azalmasına gətirib çıxaran amillərdir. Hesab edirəm ki, may ayı ərzində xəstələnənlərin sayı azalmağa doğru gedəcək".

V.Cavadzadə qeyd edib ki, ümumilikdə insanların qaydalara riayət etməsini müsbət qiymətləndirmək olar: "Bir ay bundan əvvəl koronavirusa yoluxanlar 2500-2700 civarında idisə, indi yoluxmalar 350 nəfərə düşüb. Burada insan faktoru, qaydalara riayət etmələri əsas rol oynayır".

Hazırda gündəlik yoluxma hallarının üçrəqəmli olduğunu deyən həkim hesab edir ki, sutkalıq statistika ikirəqəmliyə düşərsə, nisbətən yumşalmalara gedilə bilər.

"Epidemioloji vəziyyətin sabitləşməsində bioloji amillər, insanların gigiyenik qaydalara əmək etməsi böyük rol oynayır. Burada vaksinasiyanın rolu da əhəmiyyətlidir. Yanvardan bəri 1 milyon çox insan vaksinasiya olunub. Həmin şəxslərin immun sistemi möhkəmlənir, qanda antitellər yaranır. Onlar yoluxsalar belə xəstəliyi yüngül keçirir və ətrafdakılar üçün bir o qədər təhlükə törətmirlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Həkim   Koronavirus   Pandemiya  





Xəbər lenti