Tanınmış jurnalist vəfat edib

   Tanınmış jurnalist vəfat edib
  16 May 2021    Oxunub:1848
Azərbaycanın əməkdar jurnalisti, publisist, nasir Svetlana Nəcəfova vəfat edib.
Azvision.az -ın məlumatına görə, Mətbuat Şurası S. Nəcəfovanın vəfatı ilə əlaqədar nekroloq yayıb. Nekroloqda deyilir:

“Azərbaycan jurnalistikasının, ümumiyyətlə ədəbi-bədii mühitinin tanınmış simalarından olan publisist, nasir, əməkdar jurnalist Svetlana Nəcəfova vəfat edib. Mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Svetlana Hacı qızı Nəcəfova 1938-ci il anadan olub. 1955-1960-ci illər Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə o zamankı “Pioner” jurnalında başlayıb. Burada 15 il ərzində texniki redaktor və şöbə müdiri olub. 1973-1977-ci illərdə "Azərbaycan qadını" jurnalı redaksiyasında şöbə redaktoru, 1977-1992-ci illərdə isə baş redaktorun müavini vəzifələrində çalışıb. 1996-2003-cü illərdə "Respublika" qəzeti redaksiyasında şöbə müdiri olan jurnalist 2003-2008-ci illərdə televiziya sahəsində çalışmaqla da zəngin peşə yolu keçib.

S.Nəcəfova ədəbi yaradıcılığa ötən əsrin 60-cı illərindən başlayıb. Çoxsaylı oçerk və hekayələr, dərin məzmunlu publisistik məqalələr, kitablar müəllifi olan həmkarımızın əməyi ali səviyyədə yüksək qiymətləndirilib. O, “Əməkdə fərqlənmə görə” medalına, fəxri fərmanlara, müxtəlif mükafatlara və “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Svetlana Nəcəfova imzası Azərbaycan jurnalistikasında, ictimai fikrində etalondur. O, peşəyə hədsiz məhəbbətin və sadaqətin göstəricisidir, nümunədir. Belə bir söz sənəti fədaisinin, əməksevər həmkarımızın yoxluğu böyük itkidir. Bir daha mərhumun doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini bölüşürük.

Allah rəhmət eləsin!”.

Azvision.az


Teqlər: Jurnalist  





Xəbər lenti