“Nəinki Şuşada, Xankəndi və Xocalıda da festivallar keçirəcəyik” - Elman Məmmədov

 “Nəinki Şuşada, Xankəndi və Xocalıda da festivallar keçirəcəyik” - Elman Məmmədov
  17 May 2021    Oxunub:5145
“Xarıbülbül” festivalı böyük bir mədəniyyət, incəsənət tədbiri olmaqla yanaşı, eyni zamanda, siyasi anlam daşıyan festival idi”.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Xocalıdan olan deputat bildirib ki, festival həm də Şuşa qələbəsinin qeyd edilməsi anlamına gələ bilər:

“Xarıbülbül” festivalı Şuşada sonuncu dəfə 1989-cu ildə keçirilmişdi. O zaman biz SSRİ-nin tərkibində idik. İndi müstəqil Azərbaycan dövləti bu möhtəşəm festivalı yenidən keçirir. Tədbiri Ali Baş Komandanın rəhbərliyi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə işğaldan azad olunmuş Şuşamızda reallaşdırdıq. Bu bir mədəniyyət, incəsənət hadisəsi olmaqla yanaşı, eyni zamanda siyasi anlam daşıyan festival oldu. Ümumiyyətlə, “Xarıbülbül” festivalında bir neçə diqqət çəkən məqam oldu. Əvvəla, biz qalibiyyətimizi, Şuşa qalasını fəth etməyimizi yenidən bayram etdik. Qarşı tərəfə zəfərimizi xatırlatdıq ki, Şuşanın əsl sahibləri bizik, indi doğma yurdumuza qayıdaraq təntənəli bayram keçiririk. Çünki 28 il ərzində ermənilər mayın 8-ni Şuşada bayram tədbirləri keçirirdilər. Bu il isə belə bayram tədbirini azərbaycanlılar keçirdi”.

Deputatın sözlərinə görə, festival ermənilərə göz dağı oldu. Artıq şuşalılar, azərbaycanlılar Qarabağın, onun gözü olan Şuşanın əsl sahibi kimi əzəli torpaqlarına dönüblər, hər il belə mədəni tədbirləri reallaşdıracaqlar:

“Digər tərəfdən, başqa bir diqqət çəkən məqam bayram tədbirinin gündəliyi oldu. Gündəlik elə tərtib edilmişdi ki, festivalda Azərbaycanda yaşayan etnik azlıqlar, bütün xalqların nümayəndələri təmsil olundu. Onlar digər mədəni tədbirlərimizdə olduğu kimi Şuşada da öz mədəniyyətlərini, musiqilərini təmsil etdilər. Bu dünyaya xüsusi bir mesaj idi. Cənab Prezidentimizin qeyd etdiyi kimi, biz 44 günlük müharibədə ökəmizdə yaşayan hər kəsin, milliyətindən asılı olmayaraq bütün vətəndaşlarımızın Vətən uğrunda döyüşməsinin, şəhid, qazi, qalib olmasının şahidi olduq. “Xarıbülbül” festivalında azsaylı xalqların hamısının öz mədəniyyətlərini təqdim etmələri bir daha onu göstərdi ki, Azərbaycan çoxmillətli bir ölkədir. Biz tolerantıq, dilinə, dininə, milliyətinə görə heç kimi təqib və təzyiq etmirik. Əksinə, Azərbaycan bu cür çoxmillətli şəkildə inkişaf edən mədəniyyətlər, dinlər, dillər dövlətidir. Bu dünyaya çox ciddi bir mesaj idi. Monoetnik dövlət olan Ermənistandan fərqli olaraq Azərbaycanda bu cür hallar, tədbirlər adidir. “Xarıbülbül” festivalının belə rəngarəng şəkildə təşkili bütün dünyanın diqqətini çəkdi. Festival bir daha “Biz birlikdə güclüyük” şüarımızın boşuna yaranmadığını göstərdi”.

Elman Məmmədov festival üçün ideal məkanın seçilməsini diqqətçəkən məqam olduğunu vurğulayıb.

“Tədbir keçirilən yer Cıdır düzüdür və məkan elə ideal şəkildə seçilmişdi ki, festivalın əks-sədası Xankəndinə və digər yaxınlıqdakı ermənilərin yaşadığı kəndlərə də yayılırdı. Yəni burada yaşayan Qarabağ erməniləri də festivalı sonadək dinləyib, müşahidə etdilər. Onlar günboyu səslənən milli musiqilərimizi, muğamı eşitdilər. Gecə təşkil edilən atəşfəşanlıq isə ətrafda olan bütün yaşayış məntəqələrində görüldü. Bəli, biz bunu dəqiq deyə bilərik ki, bu atəşfəşanlıq ermənilərin ümidlərini də puça çıxardı. Yəni festival, sonda Xankəndindən izlənən xüsusi atəşfəşanlıq həm də o anlamı verdi ki, belə mədəni tədbirlər tezliklə sizin məskunlaşdığınız kənd və rayonlarımızda da təşkil ediləcək. Nəinki Xankəndində, Xocalı, Xocavənd və digər bölgələrdə bu cür bayram əhvallı milli-mədəni tədbirlərimiz təşkil olunacaq. Ermənilərin bizimlə birgə yaşayışı qəbul etməkdən başqa çıxış yolu yoxdur. Əks təqdirdə, başqa düşüncəyə qapılsalar, bölgəni tərk etmək məcburiyyətində qalacaqlar. Əgər Qarabağda yaşayan ermənilər bizə qaynayıb qarışacaqlarsa, hər şey öz axarı ilə davam edəcək. Ancaq xam-xəyallara davam etsələr, gücümüzün qarşısında məcbur olub, bölgəni tərk edəcəklər”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Şuşa   Festival  





Xəbər lenti