“Xarıbülbül” festivalı Şuşada əbədi yaşayacağımızın mesajıdır” - Partiya sədri

“Xarıbülbül” festivalı Şuşada əbədi yaşayacağımızın mesajıdır” -  Partiya sədri
  17 May 2021    Oxunub:2013
“Şuşada təşkil edilən “Xarıbülbül” festivalı mədəni tədbir kimi təqdim edilsə də, əslində bu festival ciddi siyasi anlam daşıyırdı”.

Bunu Azvision.az -a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. O, ötən həftənin ən yadda qalan hadisəsi olan “Xarıbülbül” festivalının uzun illərdən sonra Şuşada yenidən təşkil edilməsini mühüm hadisə kimi qiymətləndirib:
“Adətən belə tədbirlərin keçirilmə zamanı, yeri simvolik olur. Burada daha çox siyasi, rəmzi mənalar diqqət çəkir. Bütün siyasi cameə “Xarıbülbül” festivalını siyasi bir aksiya, mesaj kimi dəyərləndirir. Çünki bildiyiniz kimi bundan öncə bizim işğal altında saxlanılmış ərazilərimizdə Ermənistan hakimiyyəti və separatçı rejimin nümayəndələri Azərbaycan xalqına xüsusi mesajlar verirdilər. Cıdır düzündə yallı getmək, Qarabağa gəlib orada muğam dinləmək kimi qıcıqlandırıcı addımlar və çağırışlar səslənirdi. Əslində “Xarıbülbül” festivalı bütün bu siyasi gedişlərin layiqli cavabı oldu. Erməni cəmiyyəti də zatən bu böyük festivalı belə siyasi əhəmiyyəti ilə qəbul etdi. Onların ziyalıları, siyasət adamları, media işçiləri aşkar şəkildə etiraf edirlər. Ermənilərin hazırkı müzakirə mövzusu budur - “biz azərbaycanlılara gələ bilirsinizsə, gəlin muğamı dinləyək” deyirdik, onlar isə bunu reallaşdırdılar”.

Tural Abbaslının sözlərinə görə, təkcə ermənilər deyil, bütün dünya Şuşadakı festivalın əhəmiyyətini gördü:

“Xalqımız sonuncu dəfə illər öncə təşkil edilmiş festivalı yenidən layiqli şəkildə təkrarlamaqla bu ərazilərin, Qarabağın, onun ürəyi sayılan Şuşanın tarixi Azərbaycan torpaqları olduğunu bir daha göstərdi. Biz dünyaya bu istiqamətdə də öz mesajımızı verdik. Hər kəsə “biz Şuşada əbədi yaşayacağıq” mesajını çatdırdıq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Tural-Abbaslı   Xarıbülbül  





Xəbər lenti