"Beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb" - Nazir

   "Beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb" -    Nazir
  17 May 2021    Oxunub:2139
“Ədliyyə Nazirliyi tərəfindən düşmənin işğalçılıq faktları və müharibə cinayətləri ilə bağlı xarici ölkələrin ədliyyə nazirliklərinə və nüfuzlu beynəlxalq təşkilatlara 400-ə yaxın müraciətlər ünvanlanıb”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov “Milli Məclis” jurnalının 2021-ci il mart-aprel buraxılışında müsahibəsində bildirib.

Nazir bildirib ki, dünya ictimaiyyətinin düzgün və dolğun məlumatlandırılması məqsədi daşıyan müraciətlər reaksiyasız qalmayıb:

“Bəzi dövlətlər münasibət bildirərək bölgəyə humanitar yardım məqsədilə dəstək göstərilməsini bildirib, beynəlxalq hüquq çərçivəsində öhdəliklərə hörmət edilməsinə, bütün qanun pozuntularının araşdırılacağına ümidvar olduqlarını ifadə ediblər. Yeri gəlmişkən, Ermənistanın hərbi cinayətləri bu ilin mart ayında Yaponiyada BMT-yə üzv dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların yüksək rəsmilərinin iştirakı ilə keçirilmiş BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 14-cü Konqresində də ifşa edilib.

Belə ki, Konqresdə Azərbaycan, həmçinin ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv olan 120 dövlət adından Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi tərəfimdən çıxış edilərək ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın 30 illik erməni işğalından azad olunduğu, təcavüzkar düşmənin törətdiyi müharibə cinayətləri, xüsusilə Ermənistan tərəfindən beynəlxalq normalara zidd olaraq xarici ölkələrdən olan terrorçu muzdluların cəlb edilməsi, erməni diasporu tərəfindən aldatma və digər qanunsuz yollarla silah və sursatların alınması və humanitar yardım adı altında münaqişə zonasına mülki aviasiya vasitəsilə qanunsuz göndərilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb”.

“Həmçinin işğal dövründə torpaqlarımızın yerlə-yeksan edildiyi, bütün infrastrukturun dağıdıldığı, o cümlədən tarixi, mədəni və dini abidələrin məhv olunması ya da talanması faktları vurğulanmış, həmin ərazilərin qeyri-qanuni iqtisadi fəaliyyət, narkotrafik və digər cinayət əməlləri üçün istifadə olunması qeyd edilib”,- deyə F.Məmmədov vurğulayıb.

Azvision.az


Teqlər: Nazir   Ədliyyə   Fikrət-Məmmədov  





Xəbər lenti