“Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaradıb

“Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaradıb
  17 May 2021    Oxunub:1857
“Yüksəliş” müsabiqəsinin İşçi qrupu əyani mərhələni uğurla başa vuran 728 iştirakçısının məlumat (CV) bazasını yaradıb. Məlumat bazasının hazırlanmasında məqsəd iştirakçılara yeni karyera imkanlarının yaradılmasında köməklik göstərmək, onlara müvafiq iş istiqamətlərində dəstək olmaqdır.
Azvision.az xəbər verir ki, 728 iştirakçıdan 630-u kişi, 98-i qadındır. İştirakçıların böyük əksəriyyəti yerli ali təhsil müəssisələrində, 45 nəfəri bakalavriat, 105 nəfəri magistratura səviyyəsi üzrə xaricdə təhsil alıb. İştirakçılar arasında 16 fəlsəfə doktoru, 1 elmlər doktoru, 4 dosent, 1 professor var. 510 nəfər müxtəlif dövlət və özəl qurumlarda rəhbərlik təcrübəsinə malikdir, onlardan 73 nəfəri 10 ildən artıq, 5 nəfəri isə 20 ildən çoxdur rəhbər vəzifələrdə çalışır.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi hazırda 309 iştirakçısı ilə birgə yarımfinal mərhələsinə hazırlığını davam etdirir. Hazırlıq çərçivəsində iştirakçılar üçün onlayn görüşlər və ekspertlər qrupu ilə birlikdə təlimlər təşkil olunur. Bu görüşlərin keçirilməsində məqsəd yarımfinalçıların bir-birilərini və müsabiqə təşkilatçılarının iştirakçıları yaxından tanıması, onların bacarıqlarının qiymətləndirilməsi, eyni zamanda, yarımfinal mərhələsinə hazırlığını təmin etməkdir. Yarımfinalda iştirakçıların idarəçilik bacarıqları yoxlanılacaq və bu mərhələ 3 gün davam edəcək. 100-ə yaxın iştirakçı final mərhələsinə keçmək hüququ qazanacaq.

“Yüksəliş” müsabiqəsi Prezident cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Azvision.az


Teqlər: “Yüksəliş”müsabiqəsi  





Xəbər lenti