Moskvanın mövqeyi nədən xəbər verir - Sahib Alıyevin şərhi

   Moskvanın mövqeyi nədən xəbər verir -    Sahib Alıyevin şərhi
  18 May 2021    Oxunub:2911
Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan sərhəddində yaranmış vəziyyətlə bağlı bu gün səsləndirdiyi fikirlərdən sonra rəsmi Moskva, nəhayət, o haqda öz mövqeyini açıqladı. Rusiya Prezidentinin sözçüsü Peskov “Vladimir Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına heç bir alternativ görmür”, Xarici İşlər naziri Sergey Lavrov isə “Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət ətrafında emosiyaları qızışdırmağa səbəb yoxdur”,- dedi.
Azvision.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Millət vəkilinin sözlərinə görə, onların bu açıqlamaları Moskvanın “strateji müttəfiq” adlandırdığı forpostun azərbaycanlı hərbçilərin guya torpaqlarını ələ keçirməsiylə bağlı qaldırdığı haray-həşirə, ABŞ Dövlət Departamenti ilə hayca danışan Makron Fransasının göstərdikləri canıyananlığın arxasında nə durduğunu yaxşı “oxuduğundan” xəbər verir.

"Qərbdəkilər Azərbaycanın Ermənistanın sərhəddini pozmaq fikrindən çox-çox uzaq olduğunu bilməmiş deyillər. Və bilə-bilə bizi belə bir “təxribat”a əl atmaqda suçlandırmaları ilk baxışda Ermənistana dəstək təsiri bağışlasa da, burada daha məkrli niyyət gizlənilir. Onlar vəziyyəti qızışdıraraq Azərbaycanla Rusiyanı üz-üzə qoymaq, sərhəddə toqquşma yaratmaq, bu, baş vermədikdə isə KTMT-ni, təbii ki, ilk növbədə də Moskvanı forpostdakıların gözündən salmaq istəyirlər. Eyni zamanda, öncə bildirdiyim kimi regionda özlərinin də maraqlarının olduğunu, varlıqlarını xatırladırdılar.

Rusiya isə Güney Hərbi Dairəsinin komandanı, ordu generalı Dvornikovu operativ şəkildə Ermənistana göndərməklə forpostdakılara və onları gələcək vassalları gözündə görən güclərə yiyəsiz olmadıqlarını, yiyələrinin də kim olduğunu anlatdı. Digər tərəfdən isə Moskvadakılar Ermənistanla sərhəddə hər hansı gərginlik yaratmağın hazırda Azərbaycanın maraqlarına qətiyyən cavab vermədiyini və bizim sərhədçilərin elə onların 1975-ci ildə hazırladıqları topoqrafik xəritə əsasında hərkət etdiklərini gözəl bildiklərindən bir növ Azərbaycan Prezienti İlham Əliyevin bu haqda Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevə dediklərini təkrarlamış oldular.

Xatırladaq ki, bugünkü telefon danışığında cənab İlham Əliyev Tokayevə sərhəddə hər hansı bir toqquşma baş vermədiyini, danışıqların davam etdirildiyini, Ermənistanın yaranmış vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını köməyə çağırmasının isə tamamilə əsassızlığını, “məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey olmadığını” bildirmişdi", - deyə Sahib Alıyev vurğulayıb.

Azvision.az


Teqlər: Sahib-Alıyev   Deputat   Sərhəd  






Xəbər lenti