Avropa çempionatı: İki güləşçimiz finala yüksəlib

   Avropa çempionatı:    İki güləşçimiz finala yüksəlib
  19 May 2021    Oxunub:1515
Azərbaycanın iki sərbəst güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək idmançılar arasında Avropa çempionatının finalına yüksəlib.
Azvision.az xəbər verir ki, güləşçimiz Əşrəf Aşırov (74 kq) debütdə yeniyetmələr arasında Avropa çempionu və gənclər arasında dünya ikincisi olmuş rusiyalı Çermen Valiyevə məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz mayın 19-da təsəlliverici görüşə çıxacaq.

Millimizin üzvü Orxan Abasov (86 kq) əvvəlcə İsrail, daha sonra isə Ukrayna güləşçisinə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Almaniya təmsilçisindən də güclü olan O.Abasov adını finala yazdırıb. Güləşçimizin rəqibi Amanula Rasulov (Rusiya) olacaq.

Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan Osman Nurməhəmmədov qitə birinciliyinə inamlı qələbə ilə start verib. Yerli idmançını vaxtından əvvəl xalçadan məyus yola salan O.Nurməhəmmədov Rusiya təmsilçisini də minimal hesabla üstələyib və yarımfinala vəsiqə qazanıb. Yığmamızın üzvü Belarus güləşçisini də məğlub edərək finala adlayıb. Həlledici mərhələdə güləşçimiz Erhan Yaylacı (Türkiyə) ilə üz-üzə gələcək.

Vahid Qalayev səkkizdəbir finalda Gürcüstan, dörddəbir finalda isə Ermənistan güləşçisinə gücünü göstərərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında türk rəqibinə minimal fərqlə uduzub. İdmançımız bürünc medal uğrunda görüşdə Paris Karepi (Almaniya) / Georgi İvanov (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Bu çəkilərdə təsəlliverici və medal görüşləri mayın 19-da keçiriləcək. Bakı vaxtı ilə saat 13:30-da təsəlliverici qarşılaşmalar başlayacaq. Saat 20:00-da isə medallar uğrunda həlledici mübarizəyə start veriləcək.

Azvision.az


Teqlər: Güləş   Avropa-Çempionatı  





Xəbər lenti