“Deyirlər ki, nəvəsinə Quranı yox, ulamağı öyrədir” - Sabir Rüstəmxanlı

“Deyirlər ki, nəvəsinə Quranı yox, ulamağı öyrədir” -  Sabir Rüstəmxanlı
  20 May 2021    Oxunub:5960
“Qarabağ mənim üçün böyük hədiyyədir”

Bu gün Azərbaycanın Xalq şairi, ictimai-siyasi xadim Sabir Rüstəmxanlının doğum günüdür. 75 yaşını qeyd edən millət vəkili özəl günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.
- Sabir bəy, deyirlər, yaş kişinin var-dövlətidir. Siz bu haqda nə düşünürsünüz?

- Mən 60 yaşım tamam olanda yazmışdım ki, “sanki 60 il yox, 60 əsr yaşamışam”. Çünki hər bir qələm adamının ömrü həm də millətin keçdiyi yolun xülasəsidir. O yolu sən öz ömründə təkrar yaşayırsan. Millətin taleyi o qısa ömründə sənin qələmindən keçir. Biz tarixi təzədən yaşayırıq. Nə qədər çox yaşayırsansa, köklər bir o qədər dərinə gedir. Yaş böyük sərvət deməkdir. Uzun müddət yaşamaq, bu dünyanın gəlişini-gedişini görmək xoşbəxtlikdir. Məsələn, 1-2 il bundan öncə həyat bitsəydi, Şuşanın azad olunduğu günü görməyəcəkdim. Qarabağ mənim üçün böyük sevinc, hədiyyədir. Bu yaşı belə qarşılamaq gözəldir.



- İşğaldan öncə Şuşada Vaqif poeziya günlərində və digər ədəbi məclislərdə iştirak etmisiniz. Şəhər azad olunandan sonra gedib həmin yerlərə baş çəkə bildinizmi?

- Təəssüf ki, hələ Şuşaya gedə bilməmişəm. Ağdamda olmuşam. Cıdır düzü, İsa bulağı, şəhərin bütün küçələri, mədəniyyət sarayları, hamısı yadımdadır. Mən, Nüsrət Kəsəmənli və şairimiz Çingiz Əlioğlu Cıdır düzündən bir az aşağı enib qayanın üstündə maşın boyası ilə üçümüzün adını yazmışdıq. Həmin yazı uzun illər qaldı. Üç dostun adına şeirlər yazıldı. İndi qayalara yox, tariximizin yaddaşına Şuşanın qəhrəmanlıq tarixini əbədi həkk edirik. “Qarabağa dönüş” adlı poema yazmışam. Orada Şuşanın azad olunmasını səhnələrlə yaratmışam. O səhnələrdə həyəcan var.



- Söhbətimizin mövzusunu yenidən doğum gününə yönəldirəm.75-dən geriyə boylansanız, həyatınızı kitab kimi vərəqləsəniz, ən çox hansı illərdə əl saxlayarsınız?

- İki məqam mənim üçün xüsusən önəmlidir. Onlardan biri 1988-ci ilin noyabr-dekabr aylarında baş tutan 18 günlük mitinqə aitdir. Mən mitinqi Nemət Pənahlı ilə birgə idarə edirdim. Onda yazmışdım ki, “mənə elə gəlir ki, bütün həyatım meydana doğru gələn yol imiş”. Təsəvvür edin, bir milyon, milyon yarım insan heç kimi dinləmir, hamını fitə basır, meydandan çıxarır və dediklərini qəbul etmir. Səni isə bir qələm əhli kimi 18 gün ərzində dinləyir, alqışlayır. Və başqalarını da sənin xətrinə qəbul edir. Həyatımın xoşbəxt günlərindən biri idi.

Digər məqam isə 1991-ci ilin oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpası haqqında rəsmi sənədin Milli Məclisdə qəbul olunması ilə bağlıdır. Sənədə səs verənlərdən biri də mən olmuşam. Həmin vaxt müstəqil Azərbaycan deputat blokunun həmsədri idim. Təbii ki, şəxsi hadisələr də var. İnsanın övladlarının dünyaya gəlişi, ilk kitabımızın çapdan çıxması və s. O da böyük bir bayram idi. Amma qeyd etdiyim hadisələrin yanında hamısı solğun görünür.



- Bu gün sizin ürəyinizin sarı simini nə tərpədər?

- Köhnə dostlarım, tanışlarım ara vermədən zəng edirlər. Onların hər birinin zəngi mənim ürəyimin sarı simini tərpədir. Ən böyük hədiyyəm Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən “Xalq şairi Sabir Rüstəmxanlı” adlı fundamental gözəl bir kitabın çap olunmasıdır. Kitabda həyatım, yaradıclığım təhlil olunub. Azərbaycanın görkəmli alimləri, filoloqları, akademikləri yazılar yazıblar. Giriş sözünü dostum İsa Həbibəyli hazırlayıb.

- Deyirlər, dövlətdə dəvə, övladda nəvə. Maraqlıdır, nəvələriniz sizi necə təbrik etdilər?

- 8 nəvəm var. Ən balacamız təzə-təzə mənim şeirlərimi əzbərləyir. Onlar hər dəfə gələndə sevgilərini hiss etdirirlər. Biri deyir, "baba mənim ürəyimdir”, digəri etiraz edir ki, “yox, mənim ürəyimdir”.Mübahisələr davam edir. Mələk və Oğuz adlı nəvələrim mənə sürpriz etdilər. Özlərinin əl ilə hazırladıqları hədiyyəni verdilər. Bundan gözəl nə hədiyyə ola bilər?!

Bir dəfə Aydan qızımın oğlu bozqurd işarəsini tutub yanıma gəldi. Mən də eyni işarəni tutdum və biz birlikdə uladıq. Kimsə yazmışdı ki, uşağa Quran oxutdurmaqdansa, ulamağı öyrədir. Mən onlara deyirəm ki, bizim babalarımız bozqurd kimi ulaya-ulaya islamı dünyaya yayıblar. Həmin nəvəm də imanlı insan olacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Sabir-Rüstəmxanlı   Ad-günü   Deputat  






Xəbər lenti