“Toy və yas məclislərini açıq havada keçirmək olar” - Professor

“Toy və yas məclislərini açıq havada keçirmək olar” -  Professor
  20 May 2021    Oxunub:1427
Bu gün ölkədə epidemioloji vəziyyətin dəyərləndirilərək yumşaldılma tədbirləri barədə müzakirələr aparılmasına dair Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən məlumat yayılıb. Eyni zamanda, TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydalar hazırlandığını, bundan əlavə, açıq havada maskadan istifadə qadağasının ləğv oluna biləcəyini deyib.
Məsələ ilə bağlı Azvision.az -a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, epidemioloji vəziyyət stabilləşdikcə, karantin qaydalarının müəyyən qədər yumşalması mümkündür.

“Açıq havada maska taxmaq, kütləvi tədbirlərin, toy və yas mərasimlərinin müəyyən formatda keçirilməsi nəzərdən keçirilə bilər. Yay fəsli nəzərə alınaraq, açıq havada toyların və yas mərasimlərinin keçirilməsinə icazə verilə bilər. Burada müəyyən format ola bilər. 100-150 nəfəri hansısa formada, məsafə gözləməklə bir yerə toplayıb, tədbirləri keçirmək olar”.

Hansı sürprizlərlə üz-üzə olduğumuzu bilmədiyimizi deyən həkim qeyd edib ki, vaksinasiyanın aparılması epidemioloji vəziyyətin stabil qalmasında, yumşalmaların davam etməsində təsirli ola bilər:

“Epidemioloji vəziyyət bu şəkildə davam etsə və Hindistan ştammı yayılmasa vəziyyət lokallaşar. Bu da pandemiyanın sonunu gətirib çıxara bilər. Dünya üzrə vaksinasiya prosesi gedir. Yəqin ki, proseslər nisbətən sürətlənəcək”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus   Vaksinasiya   Toy   İcazə  






Xəbər lenti