|
| İran səfirliyi öz vətəndaşlarına müraciət ünvanlayıb |
Ermənistanın Azərbaycan-Ermənistan sərhədindəki son gərginliyə və Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair ölkəmizə qarşı yeni ittihamları tamamilə əsassızdır. Sərhəd məsələlərinin kökündə duran əsas səbəb Ermənistanın 2020-ci ilin noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal altında saxlaması olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır və Azərbaycan, sadəcə olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir.
Rəsmi açıqlamalarımızda artıq bildirildiyi kimi, Ermənistanla sərhəd olan Azərbaycanın azad edilmiş bölgələrində hava şəraitinin mülayimləşməsi ilə əlaqədar ölkəmiz özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir. Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir.
Ölkəmiz hər zaman suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət edib. Şübhəsiz ki, bu prinsiplərə qarşılıqlı hörmət, bu əsasda mehriban qonşuluq münasibətləri qurmaq və sərhədlərin delimitasiyası/demarkasiyası prosesinə xoş niyyətlə başlamaq ortaya çıxa biləcək bütün mübahisələrin həllinin yeganə yoludur. Hər iki ölkə müharibədən yeni çıxıb, buna görə də uğurlu sərhəd demarkasiyası və delimitasiyası sülh və təhlükəsizliyin təminatı üçün açar rolunu oynayır. Son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilib. Azərbaycan bəyan edib ki, bu cür fikir ayrılıqları siyasi və diplomatik yollarla həll edilməlidir”.
Enriko Oliarinin “Baş verənlərlə bağlı beynəlxalq ictimaiyyətin reaksiyasını necə qiymətləndirirsiniz” sualına cavab olaraq səfir Məmməd Əhmədzadə bildirib: “Təəssüf ki, Ermənistanın uzun illərdir dünya ictimaiyyətinə aşıladığı qurban obrazına görə bəziləri hələ də onun "rəvayətinə" inanır və ya inanmaq istəyir. İnanmaq istərdim ki, bunun səbəbi erməni tərəfinin "rəvayətini" dəstəkləyənlərin kifayət qədər məlumatlı olmamasıdır. Əksər hallarda bu, Azərbaycana qarşı qərəz və ikili standartlardan irəli gəlir. Sərhəddəki son gərginlik məsələsində də erməni tərəfinin iddialarına inanan və ya inanmaq istəyən bəzi səsləri eşidirik.
Hər şeydən öncə vurğulamaq istərdim ki, sərhəd demarkasiyası və delimitasiyası ikitərəfli məsələdir, olduqca mürəkkəb və texniki bir prosesdir. Belə məsələ ilə bağlı hər hansı bir açıqlama verməzdən əvvəl hərtərəfli və ətraflı araşdırmaya ehtiyac var. Bundan əlavə, qeyd etmək istərdim ki, sərhəddə gərginlik yaranan kimi Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi dərhal bölgəyə səfər edib, qarşı tərəfin sərhədçiləri ilə danışıqlara başlayıb. Hazırda vəziyyəti normallaşdırmaq üçün müvafiq addımlar atılır.
Bu texniki məsələ təxribat xarakterli bəyanatlar və Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilib. Bu cür destruktiv yanaşma yalnız gərginliyin artmasına xidmət edir.
Aydındır ki, Ermənistan tərəfindən qeyri-adekvat reaksiyalar və təxribat xarakterli açıqlamalar bu ölkədəki seçkiqabağı vəziyyətlə əlaqədardır. Ermənistanın bu məsələdən siyasi vasitə kimi istifadə etmək cəhdləri qəbuledilməzdir. İllərdir ki, Ermənistan ağır siyasi, iqtisadi, sosial böhran yaşayır. Bu böhran son aylarda hamıya məlum olan səbəblərdən daha da dərinləşib. Ermənistanda nə hökumət, nə də müxalifət Azərbaycan haqqında müsbət və ya heç neytral fikir söyləmək iqtidarında deyil. Bu azərbaycanofobiya konsepsiyası, onilliklər ərzində azərbaycanlılara qarşı nifrətin aşılanması ilə siyasi qüvvələr ölkənin daxili problemlərindən və problemi həll etmək iqtidarında olmadıqlarından diqqəti yayındırmağa çalışırlar. Bu gün Ermənistanda məlum səbəblərdən problemlərin dərinləşməsi şəraitində azərbaycanafobiya özünün ən yüksək həddinə çatıb. Habelə Ermənistanda o qədər uzun müddət Azərbaycana qarşı demonizasiya siyasəti, uydurmalar, azərbaycanlıların düşmən formada təqdimatı hökm sürüb ki, cəmiyyətin bunun əksini dərk etməsi üçün vaxt tələb olunacaq. Lakin Ermənistandakı siyasi qüvvələr erməni xalqına həqiqəti söyləmək üçün özlərində cəsarət tapmalı və cəmiyyəti bu ölkənin gələcəyi üçün qaçılmaz olan Azərbaycanla barışığa hazırlamalıdırlar.
Bir daha təkrarlamaq istərdim ki, ölkəmiz suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik və regional əməkdaşlığa tam sadiqdir.
Bizim rəsmi qurumlarımız Ermənistanın siyasi və hərbi dairələrinə beynəlxalq sərhəd boyunca dövlətlərarası sərhəd rejiminin reallığını qəbul etmələrini, bölgədəki vəziyyəti əsassız olaraq gərginləşdirməmələrini və sərhəd məsələlərini ikitərəfli kanallar vasitəsilə Azərbaycan tərəfi ilə konstruktiv şəkildə işləməklə həll etmələrini tövsiyə edib. Bu kimi hallar hər iki tərəfin müvafiq sərhəd orqanları arasında qarşılıqlı təmaslar yolu ilə həll oluna bilər və olunmalıdır. Azərbaycan bölgədəki gərginliyin azaldılmasına sadiqdir və bunun üçün qarşı tərəfi də müvafiq addımlar atmağa çağırırıq”.
“Hesab edirsiniz ki, Ermənistan münaqişənin başa çatması ilə yaradılan imkanlardan istifadə etmək əvəzinə, ölkənizə qarşı davamlı qarayaxma kampaniyası aparır. Bəs Azərbaycan bölgəyə sabitlik gətirmək üçün nə edir” sualına münasibətdə Azərbaycan diplomatı qeyd edib ki, bölgənin sabitləşməsi və sülhün bərqərar olması üçün ən uyğun yol Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların müddəalarına riayət etməkdir. Bu bəyanatlardan irəli gələn bütün öhdəliklərini həyata keçirməklə yanaşı, Azərbaycan dəfələrlə Ermənistanla normal qonşuluq münasibətləri qurmaq niyyətini göstərir ki, mən bunları aşağıda sadalayacağam. Lakin buna baxmayaraq, Ermənistan öz öhdəliklərini yerinə yetirməməklə yanaşı, dediyim kimi Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirir.
Erməni tərəfi işğaldan azad olunmuş ərazilərdə guya ki, Azərbaycan tərəfindən xristian irsinin dağıdılmasından danışır. Paradoksal haldır ki, bu iddianı 30 il ərzində Azərbaycanın işğal olunmuş torpaqlını yerlə yeksan etmiş, orada bütün maddi-mədəni irsi, o cümlədən xristian abidlərini belə dağıtmış ölkə olan Ermənistan irəli sürür. Halbuki, Azərbaycan hazırda qısa müddət ərzində həmin ərazilərdə Ermənistan tərəfindən bilərəkdən dağıdılmış dini abidələrin yenidən qurulması kimi bərpa işlərinə başlayıb. Ermənistan Azərbaycanın bu məramını qiymətləndirməli olduğu halda, azad edilmiş ərazilərdə son hərbi əməliyyatlarda zərər görmüş bir kilsənin bərpası təşəbbüsümüzü anti-Azərbaycan təbliğat elementinə çevirib. Monoetnik ölkəyə çevrilmiş Ermənistandan fərqli olaraq, Azərbaycan multikultural ölkədir və Azərbaycanda fərqli dinlərə məxsus irsin qorunub saxlanılması və bərpası bütün dünyaya məlumdur. Ermənistanın Azərbaycanla olan problemini dini məzmunda dünyaya təqdim etməsi çox gülüncdür, çünki Azərbaycanla az da olsa tanış olan istənilən şəxs ölkəmizdə müxtəlif dinlərə münasibətin necə olduğunu gözəl bilir və bu Papa Fransisk tərəfindən də təqdir olunub.
Biz müharibə bitəndən sonra bizdə olan bütün erməni müharibə əsirlərini və 1500-dən çox erməni əsirlərinin cəsədlərini Ermənistana təhvil verdik. Halbuki, Ermənistanın torpaqlarımızı işğal etdiyi birinci Qarabağ müharibəsində 4000 azərbaycanlı itkin düşmüşdür və onların birinin də cəsədi hələ də Azərbaycana təhvil verilməyib. 10 noyabr bəyanatından sonra Ermənistan həmin bəyanatı pozaraq Azərbaycan ərazisinə terror əməlləri törətmək üçün sabotaj qrupu göndərdi, həmin qrupun üzvləri azərbaycanlı mülki şəxsləri və hərbçiləri qətlə yetiriblər. Azərbaycan tərəfindən tutulan həmin sabotajçı terrorçuları Ermənistan “hərbi əsirlər” kimi qələmə verir. Bu terrorçuları Azərbaycana göndərməklə üçtərəfli Bəyanatı pozan Ermənistan məntiqsiz və gülünc bir iddia ilə çıxış edərək, bu bəyanatın şərtlərinin həmin terrorçulara da tətbiq edilməsini və onların sərbəst buraxılmalarını tələb edir. Buna nail olmaq üçün Ermənistan Azərbaycana qarşı qarayaxma və təzyiq kampaniyası aparır. Vurğulamaq istərdim ki, həmin şəxslərə qarşı Azərbaycanda araşdırma gedir. Bununla belə, araşdırma nəticəsində həmin qrupun üzvləri arasında cinayət əməllərində iştirakı sübuta yetirilməyən şəxslər artıq Ermənistana təhvil verilib. Azərbaycanın bu mərhəmətli addımları Ermənistan tərəfindən qiymətləndirilmir və Azərbaycana qarşı qarayaxma kampaniyası davam etdirilir.
Üstəlik, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edir. Ərazilərin azad edilməsindən öncə Ermənistan tərəfindən yerləşdirilmiş minaların partlaması nəticəsində son aylarda mülki əhali də daxil olmaqla, 100-dən çox azərbaycanlı qətlə yetirilib və yaralanıb. Göründüyü kimi, Azərbaycandan erməni terrorçularının sərbəst buraxılmasını tələb edənlər azad olunmuş ərazilərdə doğmalarının məzarlarını ziyarətə gedən azərbaycanlı mülki şəxslərin mina partlayışlarının qurbanına çevrilməsinə biganə yanaşır və minalanmış ərazilərin xəritələrini təqdim etmək üçün Ermənistana təzyiq göstərmirlər.
Biz, həmçinin Ermənistan ərazisi ilə Azərbaycanda rus sülhməramlılarının yerləşdiyi və erməni mənşəli Azərbaycan vətəndaşlarının yaşadığı ərazi arasında yalnız humanitar məqsədlərlə dəhlizə icazə vermişik. Bu, ölkəmin nümayiş etdirdiyi növbəti humanist addımlardan biridir. Lakin erməni tərəfi bu yaradılmış imkandan da sui-istifadə edərək 10 noyabr Bəyanatına zidd olaraq həmin dəhliz vasitəsilə gizli şəkildə erməni hərbçilərini Azərbaycan ərazisinə göndərməyə davam edir. Halbuki, 10 noyabr Bəyanatı bütün erməni hərbçilərin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir.
Bundan başqa, Azərbaycan dəmir yolları vasitəsilə Rusiya sülhməramlı qüvvələrinə maneəsiz nəqliyyat və logistika dəstəyini təmin edir. Rus sülhməramlıları dəmir yolu vasitəsilə yüklərini Bərdəyə daşıyır. Bu, həmin yüklərin hava yolu ilə İrəvana, oradan isə uzun zaman kəsiyində avtomobillərlə Laçın dəhlizindən Xankəndiyə daşınmasından daha tez və ucuz başa gəlir.
Biz 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının şərtlərinə uyğun olaraq regiondakı bütün nəqliyyat kommunikasiyalarının açılması üzərində çalışırıq. Bu kommunikasiyaların açılması 30 il ərzində Azərbaycan torpaqlarının işğalı nəticəsində bütün regional nəqliyyat layihələrindən kənarda qalan və dərin sosial-iqtisadi problemlər içində boğulan Ermənistana nəfəs verəcək. Azərbaycan 1990-cı illərdən bəri bölgənin inkişafının təməlindı dayanan bütün regional layihələrin təşəbbüskarı və icraçısı olmuşdur. Ölkəmiz Ermənistandan Azərbaycan ərazilərinin işğalına son qoyulmasını və bu layihələrə qoşulmasını tələb etmişdir. Məhz imtina etdiyi üçün Ermənistan regional layihələrdən kənarda qalmışdır. Lakin indi vəziyyət dəyişib. Ermənistan silahlı qüvvələri ərazilərimizdən sülh yolu ilə çıxmağa razı olmasa da, Vətən müharibəsi zamanı Azərbaycan əsgərlərinin şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Ancaq Azərbaycan hələ də müsbət niyyət göstərir, Ermənistanla bütün nəqliyyat və kommunikasiya xətlərinin açılmasını təklif edir. Bununla belə, Azərbaycanın atdığı bu müsbət addım da lazımınca qiymətləndirilmir. Paradoksal olsa da, dünyanın ən kasıb ölkələrindən biri olan Ermənistanda ölkənin hava və su kimi ehtiyac duyduğu nəqliyyat xətlərinin açılmasına qarşı çıxanları da görürük.
Həmçinin vacib bir məqamı da bildirməliyik ki, Azərbaycan dəfələrlə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq təklifi edib.
Bu gün biz münaqişədən sonrakı inkişafdan danışırıq və diqqətimizi gələcək barışığa apara biləcək elementlər üzərində cəmləşdirməliyik. Yuxarıdakı faktlar Azərbaycanın birtərəfli qaydada atdığı addımlarıdır və müharibə səhifəsini çevirməklə bağlı düşünülmüş siyasətidir. Lakin Ermənistan və bu ölkənin təsiri altında olan çevrələr bizim bu qədər müsbət niyyətlərimizi qiymətləndirmək əvəzinə, hələ də Azərbaycana qarşı dezinformasiya, qarayaxma kampaniyası aparmaqda davam edir. Unutmamalıyıq ki, ölkəmiz bu müsbət niyyətlərini 30 ildən bəri azərbaycanlılara, o cümlədən mülki şəxslərə qarşı hərbi təcavüz və vəhşilik edən Ermənistan kimi bir ölkəyə münasibətdə göstərir. Azərbaycanla Ermənistan arasındakı fərq budur. Ölkəmiz keçmişlə bağlı davamlı acı xatirələri yadda saxlasa da, səhifəni çevirib gələcəyə baxmağa hazırdır. Təəssüf ki, Ermənistan öz xəyali nağıllarının əsirinə çevrilib və müstəqillik illərində yalnız inkişafına mane olan zərərli addımlar atıb.
Baş redaktorun “Beynəlxalq ictimaiyyətə bir mesaj verə bilsəydiniz, nə deyərdiniz” sualına cavab olaraq diplomat vurğulayıb: “Ən anlaşılmaz məqam ondan ibarətdir ki, 30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, ərazilərimizin 20 faizini işğal etməsini, 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirməsini, onların öz evlərinə qayıtmasına mane olmasını, Xocalı soyqırımı daxil olmaqla, azərbaycanlı mülki əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri törətməsini, Azərbaycan ərazilərini, şəhərlərini, kəndlərini, maddi-mədəni irsini darmadağın etməsini, Vətən müharibəsi zamanı Gəncə, Tərtər və Bərdə kimi böyük şəhərlərimizə 100-dən çox mülki şəxsin qətlinə və 400-dən çoxunun yaralanmasına səbəb olan kasetli bombalar atmasını, bu gün isə mülki şəxslər arasında çoxsaylı qurbanlara səbəb olan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsini qınamayanlar indi Ermənistanın dezinformasiya siyasətinə dəstək göstərir, həqiqətə göz yumur və rəsmi Bakının mövqeyinə diqqət yetirmək istəmirlər. Halbuki, həmin şəxslər əgər doğurdan da özlərini erməni xalqının dostu hesab edirlərsə, elə məhz erməni xalqının mənafeyi naminə Ermənistana bu destruktiv əməllərdən, bölgənin gələcəyi, ilk növbədə, Ermənistanın özü üçün çox təhlükəli olan revanşizm hisslərindən əl çəkməyə, öz qonşuları ilə normal münasibətlər qurmağa çağırış etməlidirlər. Çünki öz qonşuları ilə, xüsusilə Azərbaycanla yaxşı münasibətlər qurmayanadək Ermənistanın normal gələcəyi mümkün deyil. Erməni xalqının mənafeyi üçün Ermənistandakı siyasətçilərin, erməni diasporunun və onun xaricdəki dostlarının bu reallığı daha tez zamanda anlamaları daha məqsədəuyğundur.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


