Lideri təhqir olunan Hindistan niyə İrəvanı müdafiə edir? - Politoloq şərhi

Lideri təhqir olunan Hindistan niyə İrəvanı müdafiə edir? -  Politoloq şərhi
  21 May 2021    Oxunub:1808
Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrlə bağlı açıqlaması narazılıqla qarşılanıb.

Açıqlamaya reaksiya verən Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, son 30 ildə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı çağırış etməyən Hindistan XİN-nin indi qüvvələrin geri çəkilməsindən danışması olduqca qəribədir.
Maraqlıdır ki, Dehlidən Ermənistanda dözümsüzlük və ksenofobiyanın ciddi şəkildə artması fonunda bir ay öncə Hindistanın mənəvi və dini lideri Mahatma Qandinin heykəlinin təhqir olunmasına hələ də reaksiya gəlməyib. Hindistan rəsmilərinin hazırda müdafiə etdikləri ermənilərin belə bir radikallığına, ölkəsinə qarşı atılan təhqiramiz addıma göz yumması ortaya ciddi suallar qoyur.

Hindistan işğalçını niyə müdafiə edir? Səbəb nədir?

Məsələni Azvision.az –a şərh edən politoloq Qabil Hüseynli deyir ki, Hindistanın Ermənistanla Azərbaycan arasında sərhəd məsələlərinə qarışması bu ölkənin anormal xarici siyasətindən xəbər verir.

Politoloqun fikrincə, hazırda pandemiya ilə ağır mübarizə aparan, problemli Asiya ölkəsinin Pakistan-Azərbaycan münasibətlərinin qardaşlıq səviyyəsinə qalxmasından qıcıqlanması heç kimə sirr deyil:

“Hindistan ABŞ və ya Almaniya kimi super güc deyil ki, dünyanın müxtəlif bölgələrində baş verən siyasi proseslərə dərhal reaksiya versin. Dehlinin Azərbaycana qarşı belə qıcıq yaradacaq davranışlar sərgiləməsinin bir sıra səbəbləri var. Əvvəla, ortada Pakistanla müttəfiqlik amili var. Pakistan həm 44 günlük Vətən müharibəsi zamanı, həm də bundan əvvəlki 30 il ərzində açıq şəkildə ölkəmizə siyasi və digər dəstəklər nümayiş etdirdi. İrəvanla diplomatik əlaqələr qurmayan İslamabad buna səbəb kimi Ermənistanın Azərbaycan ərazilərini işğalda saxlaması faktını göstərirdi. Azərbaycan isə, Kəşmir problemində Pakistanın mövqeyini müdafiə edir. Bütün bu məsələlər üst-üstə toplandığı üçün Hindistan nümayişkaranə şəkildə Ermənistana tərəf yaxınlaşdı. Amma bu yaxınlaşma hazırda Hindistan rəhbərliyini ədalətsiz mövqe tutmağa vadar edib. Ümumiyyətlə, bir faktı qeyd edim ki, Asiyada əhali sayına görə böyük dövlətlərdən sayılan bu ölkə İslam dünyasını sevməməsi ilə seçilir. Onların iqtisadi-sosial, elə siyasi cəhətdən xeyli problemləri mövcuddur. Bu mənada yaxşı olardı ki, hindli başbilənlər iqtisadi potensialı get-gedə artan Azərbaycanla münasibətlərə yenidən baxsınlar, əməkdaşlıq etsinlər, nəinki belə haqsız açıqlamalarla soyuqluq yaratmağa çalışsınlar”.

Politoloq onu da vurğulayıb ki, rəsmi Dehlinin son dövrlərdə Pakistanla münasibətləri pisləşdiyi üçün Türkiyə və Azərbaycana qarşı arzuolunmaz siyasətin sərgilənməsi sezilir. Görünür, bu səbəbdəndir ki, hansısa ölkə Bakı ilə Türkiyəyə qarşı müxalifliyi ilə seçilirsə, Hindistan dərhal onun müdafiəsinə qalxmağa başlayır. Bu isə Hindistanın xarici siyasətinin əsas yanlışlıqlarından biridir.

Qabil Hüseynli hindlilərin mənəvi liderini təhqir edən ölkədən incik düşmək əvəzinə onun yersiz şəkildə müdafiəsinə qalxmasını anormal hal kimi qiymətləndirib:

“Mahatma Qandinin heykəlini aşağılayan, hindliləri təhqir edib heykəli ləğv etməyə çalışan bir cəmiyyətə necə simpatiya bəsləyə bilərsən axı? Bu hadisə çox biabırçı məsələ idi. Ermənilərin gətirdikləri arqumentlər də anormallığı ilə seçilirdi. Ksenofobiyanın, faşizmin aydın təzahürü ola-ola hindistanlı rəsmilər buna göz yumdular. Bədbəxt hindlilər belə ciddi məsələyə etirazını bildirməyib ictimailəşdirmədilər, heç dünyaya da yaymadılar. Təbii ki, oxşar hadisə hansısa müsəlman ölkəsində olsaydı, XİN-dən sərt reaksiya gələrdi. Bu da Hindistan gerçəkliyinin təzahürüdür. Hazırda Hindistan rəhbərlərinin hansı səbəbdən bu böyük şəxsiyyətin təhqir edilməsinə susmalarına, səslərini çıxarmamalarına cavab tapmaq asan deyil. Biz iki ölkə arasında olan isti münasibətləri səbəb kimi göstəririk, amma ermənilər dəfələrlə sübut ediblər ki, onlar üçün müttəfiq, dost anlayışı yoxdur”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Hindistan   Qandi   Ermənistan   XİN  






Xəbər lenti