“Qələbəmiz diplomatiya müstəvisində də möhkəmləndirilir” – Sahib Alıyev

“Qələbəmiz diplomatiya müstəvisində də möhkəmləndirilir” –    Sahib Alıyev
  21 May 2021    Oxunub:1949
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünənki tədbiri Azərbaycanın Vətən savaşında qazandığı qələbəni eyni əzmlə diplomatiya müstəvisində də möhkəmlətdiyinin bir göstəricisidir”. Bu sözləri parlamentdəki çıxışında millət vəkili Sahib Alıyev deyib.
O, bildirib ki, Nikol Paşinyanın dünən Azərbaycanla keçmiş SSRİ dönəmindəki sərhədlərin bərpasıyla bağlı danışıqlar aparıldığını etiraf etməsində bu baxımdan bir rəmzilik var: “Bunun üçün Ermənistan təkcə Qazağın işğal altındakı 7 kəndini və Kərkini qaytarmalı deyil, həm də Qarabağın 30 min erməninin yaşadığı hissəsinin də Azərbaycanın olduğunu təsdiqləməlidir ki, cənab Prezidentin sözügedən tədbirdə vurğuladığı məsələlərdən biri də bu idi. Bəli, indiyədək etdikləri bütün mərdüməzarlıqlara, işğal altındakı torpaqlarımızda törətdikləri vəhşiliklərə rəğmən, biz Ermənistanla əməkdaşlığa hazırıq. Amma bu əməkdaşlığın dayanıqlı və normal xarakter alması məhz Azərbaycanın torpaq bütünlüyünün tanınmasından keçir”.

Millət vəkili vurğulayıb ki, Makron Fransası da, və bu regionda ona bənzər mövqe sərgiləməyə çalışan bəzi çevrələr də bilməlidirlər ki, tarixi gerçəklik ortada ola-ola Azərbaycanın Ermənistanın torpaq bütünlüyünü tanıması bizim üçün də elə də asan deyil, çox ağrılı məsələdir. Əsrlər boyu o torpaqlarda yaşamış, avtoxton əhali olan azərbaycanlılar son nəfərinədək oradan deportasiya olunduqları halda, indi Ermənistan adlandırılan torpaqlarla yanaşı, Qarabağa da gətirilib yerləşdirilənlərə muxtariyyət verilməsi təklifi yumşaq desək, qəbuledilməzdir.

- Ona görə də, cənab Prezidentin belə bir məsələnin gündəmdə olmadığını təsdiqləməsini, təbii ki, alqışlayıram. Bununla yanaşı, biz beynəlxalq normalara hörmət edərək, dövlət başçımızın da dediyi kimi, Ermənistanın torpaq bütünlüyünü tanımağa hazırıq. Təəssüf ki, qonşuluqda elə ölkələr var ki, parlamentlərində Qumu, yoxsa Eçmədzini təmsil etdiyi anlaşılmayan, katolikosdan daha çox qriqoriyanlq etməyə çalışan siyasətçilər və onların bağlı olduqları çevrələr Azərbayanı guya Ermənistanın sərhədini pozmaq cəhdində suçlandırır, haylara dəstək məqsədilə Zəngəzura qoşun yeritmək kimi sərsəmləmələrə yol verirlər. Belə sərsəmləmələrə ən doğru cavab isə bizim daha da güclənməyimiz və həm də hərbi baxımdan güclənməyimiz ola bilər ki, onun üçün də bütün tərəfdaşlıq formatlarından istifadə etməliyik. Onlardan da biri dost İsraillə olduğu kimi, Birləşmiş Ştatlarla hərbi-texniki əməkdaşlıqdır,- deyə millət vəkili vurğulayıb.

Sahib Alıyev qeyd edib ki, cənab İlham Əliyev kimi təcrübəli bir dövlət xadimi prezident Baydenin milli təhlüksəsizlik məsələləri üzrə müşavirilə telefon danışığından cəmi iki gün sonra bizim ABŞ-dan da silah və hərbi texnika ala biləcəyimizi, daha dəqiqi, belə bir niyyətimizin olduğunu dilə gətirirsə, hər halda bu, elə-belə deyil: "Bir sözlə, təkcə haylar deyil, onların bizim 64 məscidimizi necə yerlə yeksan etdikləri alqışlayırlarmış kmi bu gün də onlara dəstək verən mollakratiya təmsilçiləri də bilməlidirlər ki, biz mədəni irsimisi heç kimə güzştə getmədiyimiz kimi, torpaqlarımıza yanaşmada da eyni əzmi sərgiləyəcəyilk. Haqqında danışdığım və Azərbaycanın yaradıcısı olduğu beynəlxalq diskussiya platformalarından birinin Nizami Gəncəvinin adını daşıması, soyuq savaş məntiqindən çıxış edərək SSRİ dönəmində onu fars mədəniyyətinin təmsilçisi kimi tanıtmağa meyilli Oksfordda Azərbaycanşünaslıq mərkəzinə də artıq bizim bu görkəmli mütəfəkkirimizin adının verilməsi elə onun təsdiqi deyilmi?"

Azvision.az


Teqlər:






Xəbər lenti