“Bədbəxt deyilsənsə, bunun özü, elə xoşbəxtlikdir”- MÜSAHİBƏ

“Bədbəxt deyilsənsə, bunun özü, elə xoşbəxtlikdir”- MÜSAHİBƏ
  07 Mart 2014    Oxunub:7941
Xalq artisti, aktyor Yasin Qarayevin AzVision.az- a müsahibəsini təqdim edirik.
- Hazırda səhhətiniz necədir? Bu yaxınlarda İrana getmişdiniz nə ilə bağlı idi?

- Mənə belə gəlir ki, insan yaşa dolduqca, qənd kimi hər şeydən nəm çəkməyə başlayır. Özü də nədənsə, bu hal, adam 50-60 yaşı haqlayandan sonra tez-tez baş verir. Bilmirəm, fikir vermisinizmi, həyatın çox qəddar və məntiqsiz qanunları var. Qəribədir,nəyə görəsə xəstəliklər ən çox yaşlı adamları, sağlamlıq isə ən çox cavan adamları sevir... Bizim Təbriz azərilərinin gözəl bir atalar sözü var. Deyirlər: “Baba, heç vaxt ağrımayan başa dəsmal bağlamazlar”. Onların sözü olmasın mən də son vaxtlar İrana “bağladığım dəsmal”a görə tez-tez gedib gəlirəm.

-Fəaliyyətinizi necə davam etdirirsiniz? Hansısa rol üzərində çalışırsınızmı? Ümumiyyətlə serial, film təklifləri olurmu?

- Nə az, nə çox, düz 40-ildir ki, Gənc Tamaşaçılar Tearında işləyirəm. Onu da deyim ki, bu illərin hamısı bahar nəfəsli, yaz ətirli, bağlı -bağatlı fəsillərdən ibarət olmayıb. Onun yarpaq tökümlü xəzan payızı, şaxtalı-sazaqlı qış ayları da olub ki, bu gün ağ saçlarım və alın qırışlarım buna şahidlik edə bilər.
Bu yaradıcılıq yollarında neçə- neçə dünya klassikləri, müktədir sənətkarlar,100-ə qədər tamaşalar,100 minlərlə tamaşaçılar yol yoldaşım olublar...Allah Cəlilə, Cəfərə, Üzeyir bəyə və bütün dahilərimizə rəhmət etsin. Ruhları şad olsun! Lakin dünya xalqlarını heyrətə gətirmiş Şekspir əsərlərində oynamaq hamı kimi mənim də arzum olub. Hazırda onun “lll-cü Riçard” faciəsinin məşqlərinə başlamışıq...Sağlıq olsun!



-Diqqətimi çəkən məqamlardan biri də sizin facebookdan istifadə etməyinizdir…Adətən sənətkarlarımız, aktyorlarımız internetdən o qədər də istifadə etmirlər.

-Yaşadığımız XXl-əsr sürət və internet əsri olduğundan, dünya xəbərlərini qəzet səhifələrində yox, internet saytlarının informasiya bolluğunda tapa bilirəm. Və facebook-dan istifadə etməyi xoşlayıram.

- Hazırda teatr- tamaşaçı münasibəti necədir? Artıq illərini bu sənətə qoymuş xalq artisti kimi nə deyə bilərsiniz, doğurdanmı tamaşaya gələnlər teatrı bir mədəniyyət ocağı, evi kimi qiymətləndirirlər?

-Mənə belə gəlir ki, hər bir teatr istəyər ki, onun tamaşaçısı bədii cəhətdən savadlı olsun. Mən Teatrı tərbiyə məktəbi sayıram. Bu məktəbin əsas məqsədi tamaşaçılara gözəl insani kefiyyətlər, nəcib sifətlər aşılamaqdır.



-Atalarımız deyib ki, “insan gərək həyatda iki şeyi- bir həyat yoldaşını, bir də işini, peşəsini seçəndə, elə seçim edə ki, sonra peşiman olmaya”. Maraqlıdır 67 yaşlı aktyorumuz, həyatının xeyli sayda illərini bu sənətə fəda edən insanın qazancı və itirdiyi nə olub. Düzgün seçim edibmi?

-Dediyiniz seçimlərin hər ikisi mənim üçün uğurlu olub. Yəni, təməli XX-ci əsrdə qoyulmuş ailə və peşə seçimim ürəyimcədir. Belə ki, sədaqətli ömür-gün yoldaşım, tərbiyəli övladım və dəvə dövlətindən də dəyərli nəvələrim var. Sənətdə Xalq artisti kimi yüksək fəxri adım, tamaşaçı sevgisi və məhəbbəti ən böyük qazancımdır.

-Ailənizdən, övladlarınızdan, nəvələrinizdən bizə az da olsa məlumat verərdiniz... Şəmsiyyə xanımla ilk tanışlığınız necə olub.

- Mən ümumiyyətlə, ailə haqda məlumat verməyi xoşlamıram. Lakin subay gənclərə faydalı məsləhət verə bilərəm... Sokratın müdrik bir kəlamı var. Deyir ki, “Evlənməkdən qorxmayın. Yaxşı arvada rast gəlsəniz, xoşbəxtliyə çatarsınız, pis arvada rast gəlsəniz, filosof olarsınız”.

- Səhnədən kənarda Yasin müəllimin kim və ya necə biri olması bizə maraqlıdır. Yasin müəllim, mənə görə şən , mülayim, həlim insanısnız , davakar deyilsiniz, səbrlə işlərinizi yoluna qoyursunuz. Düzgünmü tanıyırıq sizi ?



- Ümumiyyətlə, aktyorların həm bənzərsiz, həm də çox ziddiyətli həyat tərzləri olur. Əgər onları uzaqdan müşahidə eləsən, onlar, dünyanın ən “xoşbəxt”-i təsiri bağışlayarlar. Lakin bir az yaxına gəlsən, görərsən ki, səhnədə şah, kral, hökmüdar rolları ilə şöhrət tapmış bu yazıqların, real həyatda heç sadə insan kimi də yaşamağa imkanları yoxdur.



Bu yaxınların söhbətidir. Rayondan, çoxdan görmədiyim qohumlar qonaq gəlmişdilər. Gördüm bizim ev-eşiyə, sadə yaşayış tərzimizə çox təəccüblə və mat- mat baxırlar. Mən də tənbəllik etməyib səbəbini soruşdum. Çox hörmət etdiyim, söz-söhbətindən xoşum gələn, sözü, qıp-qırmızı adamın şah üzünə deyən bir ağbirçək qohumumuz var, o dilləndi. Dedi:- “Ay Yasin, xətrinə dəyməsin, çıxıb televizorda gop-gop danışma, elə sən də bizim kimi yaşayırsan!”.

-“Yaşadığımız cəmiyyətdə çoxumuz yaxşı sənətkar kimi tanınmag istəyirik, ancaq əfsuslar olsun ki, yaxşı adam kimi tanınmaq istəyənlərimiz azdır”- deyə bir dəfə status paylaşmışdınız. İllərlə bu sənətdə olan insan kimi nə deyə bilərsiniz, yaxşı sənətkar kimi tanınmaq istəyənlər çoxdur, yoxsa adam?

-Hamı yaxşı bilir ki, istedadlı ziyalı xalqın milli sərvətidir. Bizim ölkəmizdə belə ziyalıların sayı kifayət qədərdir. Şükürlər olsun ki, onlara qarşı dövlət və hökümətin də diqqəti, qayğısı həmişə yaxşı olub. Xalqın da belə insanlara istək və məhəbbəti çox olur. Lakin bir də görürsən ki, həmin istedadlı yazıçımız, ssenarist, jurnalist və yaxud artistimiz çönüb xalqa, millətə, dövlətə qarşı qənim kəsilir. Vallah, mən bilmirəm, belələrin yaxşı adam demək olar, olmaz?



-Deyirlər ən böyük xoşbəxtlik ruhun sağlamlığıdır.Deməli “Xoşbəxtəm”,-deyən insanın ruhu sağlamdır?- bu statusunuz da diqqətimi çəkmişdi. Xoşbəxtlik anlayışı bəs sizin üçün nədir. ? sağlam ruh və xöşbəxtliyi siz necə qiymətləndirisiniz?

-Mən bilən yer üzündə nə qədər insan var, hamısı xoşbəxtlik axtarışındadırlar. Xoşbəxtlik haqqında da çox danışmaq olar, sağlam ruh haqqında da. Lakin bircə onu bilirəm ki, bədbəxt deyilsənsə, bunun özü, elə xoşbəxtlikdir!

-O.Balzak deyir ki, Krallar müəyyən vaxtlarda insanlar üzərində hökmüranlıq etdikləri halda, sənətkarlar əsrlər boyu insanlar üzərində hökmüranlıq edir. Maraqlıdır siz hansı rollarınızla özünüzdən sonra insanlar üzərində hökmranlıq edə bilərsiniz? Və ya digər sənət yoldaşlarınızdan kimlərin hansı rollarını hökmranlıq üçün ideal rol hesab edirsiniz?

-Tamaşaçılar arasında özüm qədər özümü bəyənməyən ikinci tənqitçi tanımıram... Qaldı ,ideal hökmüranlıq edən rol, inşallah, illər ötəcək, Yusif Vəliyevin bütün rolları təhlil olunanda görəcəklər ki, Azərbayçan teatrının Yusif Vəliyev kimi nəhəng aktyoru olub.

-“Dünya səbirli insanların oylağıdır” deyirlər. Siz də səbirli insana oxşayırsınız. Buna rəğmən heç ele olubmu ki, hərdən teatrda artıq rol oynamaqdan yorulasınız. Hər şeyə “tfu”- deyib çıxasınız.



-Səbirli olmağına, səbirliyəm. Lakin bəzən hiss edirəm ki, bu səbr daxilimdə laqeyidliyə çevrilir. Belə şeylərdən çox qorxduğum üçün təcili öz üzərimdə islahatlar aparıram....yeri gəlmişkən, mart ayı bayramlar ayıdır.
8 -mart Qadınlar bayramı, 10-mart milli teatr günü, 11-mart yel çərşənbəsi, 18-mart torpaq çərşənbəsi 20-21-22 mart , Novruz bayramı.
Bayramlarımız mübarək! Bu ay çəkildiyim “ Sonuncu dayanacaq” bədii filmi ekranlara çıxacaq. Bu da islahatın nəticəsi...

- Bildiyimə görə xarici dillər universitetində oxumusunuz. Ondan sonra bu sənətə olan sevginiz size İncəsənət Universitetinde oxumağa qərar verməyinizə vadar edib. İndi hansısa xarici dil bilirsiniz?

-İndiyə baxmayın, o vaxtlar, yəni, keçən əsrdə, xarici dillər institutları əsasən dilin əlifbasını öyrədirdilər. Bunları nəzərə alsaq, ingilis dilinin əlifbasını bilirəm....


-Siz də bu səhnəyə xalq teatrından gəlmisiniz . İndi necə baxırsınız bu teatrların fəaliyyətinə?



- Rayonlarımızın bəzilərində xalq teatrı fəaliyyət göstərir. Məsələn, Şəmkirdə çox güclü xalq teatrı var.

-Aktyor üçün rolun böyük, kiçiyi varmı?

-Onu bilirəm ki, yaxşı aktyor üçün pis rol yoxdur.



Şahanə RƏHİMLİ

Qalereya




Teqlər:  





Xəbər lenti