KİV: Döyüşdən qaçan 160 erməni əsgər İranda saxlanılır

 KİV:  Döyüşdən qaçan 160 erməni əsgər İranda saxlanılır
  22 May 2021    Oxunub:5478
İkinci Qarabağ müharibəsi zamanı xeyli sayda erməni hərbçi İrana qaçıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, İrana qaçan erməni hərbçilərin sayı məlum olsa da, rəsmi Tehran qeyri-müəyyən səbəblərdən onları Ermənistana təhvil verməyib:

"Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, İran İslam Respublikasında təxminən 160 erməni əsgəri var. Bu yaxınlarda yüksək rütbəli İran hərbçilərinin Ermənistana gəlişinin səbəblərindən biri də döyüşlər zamanı sərhədi pozaraq digər ölkəyə keçmiş həmin əsgərlərin geri qaytarılması ilə bağlı məsələlərin müzakirəsi olub. Mənbələrin bildirdiyinə görə, erməni əsgərlər müharibənin qızğın günlərində qanunsuz şəkildə İranın dövlət sərhədini keçiblər və o vaxtdan bəri qonşu ölkənin ərazisində saxlanılırlar".

Məlumatda, həmçinin qeyd edilib ki, sərhədi keçmiş əsgərlərin İranın hansı bölgəsində və hansı vəziyyətdə olması barədə xəbər gizli saxlanılır.

"Bizə yalnız onu bildirdilər ki, erməni əsgərlərinin geri qaytarılması ilə əlaqədar olaraq, İran tərəfi Ermənistana bəzi ilkin şərtlər təqdim edib. Burada Azərbaycan nümunəsi göstərilir. Yəni, əslində, onlar hərbçi sayılsalar da, başqa ölkənin ərazisinə daxil olaraq qanunları pozduqları üçün məhbus kimi təqdim edilirlər. Bir sözlə, bu əsgərlərdən məhbus kimi bizə qarşı istifadə etməyə çalışılır".

"Hraparak" nəşri Ermənistan Müdafiə Nazirliyi ilə əlaqə saxlayaraq, onlara daxil olan bu sensasion məlumatın doğruluğunu öyrənməyə çalışıb: "Xəbərin doğru və ya yalan olması ilə bağlı rəsmi mənbədən təsdiqlənməsinə çalışdıq. Müdafiə Nazirliyinin informasiya şöbəsinin müdiri Qorq Altunyan "İranda 160-a yaxın erməni əsgərinin olduğu doğrudurmu?" sualını cavablandırarkən bunları dedi: "Müdafiə Nazirliyi bu mövzuda heç bir açıqlama vermir".

Bundan əlavə, KİV-lər Xarici İşlər Nazirliyinə yazılı sorğu ünvanlayıblar. Hələlik XİN-dən onlara cavab verilməyib.

Tural Tağıyev
Azvision.az


Teqlər: İran   Ermənistan   Sərhəd   Əsgər  





Xəbər lenti