Hamı Şuşaya tələsir

 Hamı Şuşaya tələsir
  24 May 2021    Oxunub:1698
Bəzi müdriklər deyirlər ki, ədalətli müharibə olmur. Amma İkinci Qarabağ müharibəsi son illərin ən böyük tarixi ədalətini bərpa etməklə bu yanlış düşüncəni alt-üst etdi.
Bizim Vətən savaşımız nəinki ədalətli müharibə, beynəlxalq sənədlərdə itib-batan ədalətin yerinə gətirilməsi, elə həm də müdrikliklə idarə edilən bir dava oldu. Ötən ilin dünya tarixinin əsas hadisələrindən sayılan haqq davamızın neofaşist, vandal və işğalçı qonşularımız üzərində qalibiyyətlə sona çatmasından sonra yüzlərlə zəfər görüntüləri yayıldı ki, onların da hər biri özlüyündə tarix sayılır. Amma bu görüntülərin içində ən çox ürəyimə yatan bir kadr oldu. Bu, hərbçilərimizin Şuşa qalasını fəth etdikdən sonra şəhərdə latınca Yuli Sezarın məşhur “Veni, vidi, vici” sitatını yazması idi. Yəni "Gəldim, gördüm, qalib oldum". Bu ifadə vasitəsi sürətli, qəti bir qələbəyə istinad etmək üçün istifadə olunur. Bəli, Şuşa fatehlərimizin öz fiziki gücləri hesabına sıldırımlı qayaları aşaraq şəhərə daxil olması hər nə qədər fəxarətli idisə, onların bu intellekti də məni yaxşı mənada təəccübləndirdi.

3 ilə işğal olunan torpaqlarımızı sürətli şəkildə - 44 gün ərzində geri qaytarmaq, Şuşaya belə qısa müddətdə gedib çıxaraq müharibənin taleyini həll etmək ancaq Vətən həsrəti ilə alışıb yanan qəhrəman Azərbaycan əsgərinə yaraşardı.

Əslində bizim apardığımız müharibə Sezarın Qalliya və ya Parfiya falanın işğalı ilə müqayisə edilə də bilməz. İkinci Qarabağ savaşı ümumilikdə antik döyüşlərdən fərqli olaraq zəbt etməyə deyil, azadlıq mübarizəsinə hesablanmışdı. Bu, 30 il əsarətdə qalan tarixi, qanuni və əzəli torpaqlarımızın geri qaytarılması idi. İgidlərimiz Şuşaya qədər gedib divarlara həkk etdiyi bu tarixi sitatın açıqlaması olan qəti və surətli qələbəni hansısa yeni torpaqları əldə etmək üçün qazanmadılar. Biz sadəcə bizə məxsus olanı özümüzə qaytardıq, uzun illər sonra dünyanın görməzdən gəldiyi ədaləti bərpa etdik. Yalnız coğrafi yüksəkliyi ilə deyil, mənəvi yüksəkliyi ilə də seçilən Şuşanı əzəli sahibinə qovuşdurduq.

Qarabağsız böyümüş 90-cı illərin müharibə uşaqları, eləcə də sonrakı illərdə doğulmuş gənclər üçün Şuşanın geri qaytarılması şərəf məsələsi idi. Əlbəttə, digər işğal altında saxlanılaraq viran edilmiş torpaqlarımız da bizə doğmadır, hər zaman əziz və dəyərli olacaq. Şəxsən mənim üçün Ağdamın işğalda olması həmişə ağrılı idi... 16 il əvvəl bu torpaqda hərbi xidmətdə olarkən tez-tez səngərdən boylanmaqla uzaqdan-uzağa acizanə şəkildə Ağdamın xarabalıqlarına tamaşa edirdim. Kəndlərdə nəinki evlərin, tarixi və mədəni abidələrin də viran qoyulması, adi dirəklərin belə aşırılması, sökülməsi içimi göynədirdi. Sanki Ağdamda bizdən qalmış, məğrur şəkildə ayaq üstə, dik dayanan istənilən əşya bir zamanlar bura ayaq basmaqdan çəkinən erməniləri vahiməyə salmışdı. Bəli, onlar Ağdamı təkcə ona görə yer üzündən silmədilər ki, burada ağır itkilər vermişdilər. Ermənilər rayonu həm də ona görə xarabalığa çevirmişdilər ki, bu millətdə Ağdam qorxusu olub. Onlar Ağdamın tarixini də, keçmişini də, insanlarının nə qədər dəyanətli və cəsarətli olduqlarını da yaxşı bilirdilər. Bir sözlə, Şuşa kimi Ağdam, Kəlbəcər və digər rayonlarımız da bizə doğma və əziz olub.

Amma Şuşa təkcə Azərbaycan mədəniyyətinin incisi kimi yox, Qarabağın döyünən ürəyi, hər qarışı müqəddəs olan tarixi bir qala, mühüm strateji nöqtə kimi vacib şəhərdir. Bu bir faktdır ki, tarixən hər zaman Şuşa kimin əlində olubsa, Qarabağa nəzarət də onda olub. Bu mənada xalq olaraq İkinci Qarabağ müharibəsi zamanı əsas hədəfimizin məhz Şuşa qalasına qədər gedib çıxmaq, şəhərə nəzarəti ələ keçirmək olmasını gizlətmədik. Elə Birinci Qarabağ müharibəsində də Şuşanın əhəmiyyəti önə çıxmışdı, şəhərin xaincəsinə, döyüşsüz təhvil verilməsi sonrakı dövrdə qısa müddətdə Laçının işğalını və digər ərazilərin də əldən verilməsini asanlaşdırmışdı. Şuşa Ermənistan təcavüzünün qarşısının alınması üçün çox əhəmiyyətli bir qala rolunu oynayırdı. Ona görə də, şəhər qorunmalı, nəyin bahasına olursa-olsun əldə saxlanılmalı idi. Şuşa müdafiəsiz şəkildə erməni vandallarının əlinə keçməməliydi. Yəqin ki, gələcək nəsillər bugünkü zəfər tariximizi öyrənməklə yanaşı, 90-cı illərin əvvəllərində ölkədə xaos yaradan səbatsız “lider”lərin səhvlərinin, xəyanətlərinin xalqa, dövlətə necə baha başa gəlməsini də unutmayacaqlar. Unutmamalıyıq da!

Artıq zaman dəyişib, indi təqvimdə nə ermənilərin hər il bayram etdikləri 8 may Şuşanın işğalı günü var, nə də digər rayonlarımızın zəbt edilməsi ilə bağlı qırmızı rəqəmlər... Bu gün xalq olaraq fatehlərimizin sayəsində qəti və sürətli qələbəmizin sözün həqiqi mənasında kefini çıxarırıq. Çünki illər uzunu hər birimiz üçün Qarabağ adı, onun gözü sayılan Şuşa qəlbimizdən keçən qara qan kimi idi. Kimi dindirirdinsə, Şuşa həsrətindən, torpaq nisgilindən, Qarabağsızlıqdan gileylənirdi. Amma sınmadıq, əyilmədik, güclənərək, müasir ordu, yeni hərbi infrastrukturlar quraraq böyük zəfərə daha da yaxınlaşdıq. Ağlımıza belə gəlməzdi ki, ötən il tarixə 44 gün ərzində 21-ci əsrin müharibəsini aparan bir xalq kimi düşərik. Erməni mifini, guya “hay”ların yenilməz orduya malik olmaları ilə bağlı əfsanələrini darmadağın etdik. Qarabağın hərb yolu ilə qaytarılmasının mümkünsüz olduğunu deyənlər hazırda hərbi qənimətlər parkını ya canlı, ya da virtual olaraq izləyirlər...

İndi 90-cı illərin gənclərinin, Birinci Qarabağ müharibəsi şahidlərinin nə hüznündən əsər əlamət qalıb, nə də gəncliyin onlara dikilmiş “Cıdır düzünə nə vaxt qayıdacağıq” deyən sual dolu baxışlarından. Qarabağ artıq öz əzəli sahibinə qayıdıb. Onu əsasən heç vaxt o müqəddəs torpaqları görməmiş gənclərdən ibarət olan ordu azadlığa qovuşdurdu. Nə xoşbəxt adamıq ki, başımızı aşağı edən Vətən dərdini, həsrətini sonrakı nəsillərə saxlamadıq, illərlə acizanə şəkildə verdiyimiz nisgilli sualları gələcəkdə bizə ünvanlamayacaqlar.

Bəli, 18-20 il əvvəl ocağa “əl vurma, yandırar” dediyimiz uşaqlar böyüdülər, odun, alovun içinə atlanıb, mərmilərə sinə gərərək aşılmaz görünən qayaları fəth edərək başımızı uca tutdular. Bax, məhz həmin bu gənc nəsil, dəmir yumruq kimi birləşən xalq, nisgilli insanlarımız torpaq, Vətən ağrı-acısına son qoymuş oldular. Övladlarımız bundan sonra Şuşa qalasını, Cıdır düzünü, Ağdamın ayaqda qalan məşhur məscidini, Xudafərin körpüsünü fotolardan deyil, canlı olaraq ziyarət edəcəklər. Əminəm ki, ata-babalarımız kimi bundan sonra yüz illər ərzində Qarabağın yaylaqlarında sərinlənib, bulaqlarından içərək fərəh, qürur və sevinc hisslərimizi yaşayacağıq.

İndi hamı Şuşaya tələsir. Bir zamanlar Şuşadan və ümumilikdə Qarabağdan didərgin salınanlar ayrı-ayrı bölgələrimizə müvəqqəti yurd yeri qurmaq, təhlükəsiz həyat üçün tələsirdilər. Bu gün həmin məcburi şəkildə köçkün düşənlərlə bərabər bütün xalq yolların açılmasını, torpaqların təhlükəsiz hala gəlməsini, Qarabağın əvvəlki cənnət-məkana çevrilməsini səbirsizliklə gözləyir. İnsanlar həsrətində olduğu bu doğma torpaqları ziyarət edib, burada dincəlməyə can atırlar. Çünki hər birimizin ruhi rahatlığı məhz bu uzun illər əsarətdə qalmış torpaqlardan keçir! Bir sözlə, indi heç kim daha əvvəlki tək Vətən həsrətindən gileylənmir, hamı səbirsizlənərək Qarabağa, Şuşaya doğru can atır. 28 illik həsrətdən sonra bizi bağışlayan doğma, nazlı Şuşamız isə bundan sonra müqəddəs şəhər olaraq daim öz sahiblərində qalacaq. Çətin ki, kimsə onu bizdən ala bilsin!

Tural Tağıyev
Azvision.az


Teqlər: Şuşa   Qarabağ  






Xəbər lenti