Mina təhlükəsinə qarşı hansı tədbirlər görülür?

 Mina təhlükəsinə qarşı hansı tədbirlər görülür?
  24 May 2021    Oxunub:1411
“Təəssüf ki, Azərbaycan hələ də mina problemi ilə üz-üzə qalıb. İkinci Qarabağ müharibəsinin yekunlaşmasından 7 ay keçməsinə baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini təhvil vermək istəmədiyini nümayiş etdirir”.
Bunu Azvision.az -a açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İB-nin sədri Hafiz Səfixanov deyib. Onun sözlərinə görə, yeni mina faciələrinin yaşanmaması üçün ayrı-ayrı təşkilatlar maarifləndirici tədbirlərini davam etdirirlər.

“Bu istiqamətdə aktiv fəaliyyəti davam etdirmək lazımdır. Prezident də mina problemini daim gündəmdə saxlayır. Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxış edən dövlət başçısı xüsusi olaraq bu məsələyə toxundu, bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Prezident qeyd etdi ki, müharibə dayanandan sonra 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan isə, hələ də minaların xəritəsini verməkdən imtina edir. Həmçinin vurğuladı ki, qarşı tərəfdə bəlkə də azı bir milyon minanın basdırıldığını göstərən xəritənin olmasını dəqiq bilirik. Yəni həqiqətən də ola bilməz ki, bu qədər minaların basdırılması xəritələrsiz reallaşsın. Hazırda beynəlxalq təşkilatlara mütəmadi olaraq məlumatlar ötürülür, bildiyim qədəri ilə onlar da müəyyən fəaliyyətlər göstərirlər. Amma təəssüf ki, hələlik bizim istədiyimiz nəticəni əldə edə bilməmişik”.


Hafiz Səfixanov vətəndaşlara müraciət edərərək onları işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinməyə çağırıb:

“Bütün çıxışlarımızda və mətbuata verdiyimiz açıqlamalarda daim bu həssas mövzuya toxunur, əhaliyə müraciətlər edir, vətəndaşlara minalanmış torpaqlara ayaq basmamağı məsləhət görürük. 27 sentyabrdan bu günə qədər minalı ərazilərlə bağlı dəfələrlə müraciətlərimiz olub. Bir daha səslənərək deyirəm ki, rəsmi orqanların, hakimiyyət strukturlarının icazə vermədiyi ərazilərə daxil olmayın. Müşahidələrimiz göstərir ki, işğaldan azad edilən ərazilərə gizli şəkildə keçənlərin sayında azalma hiss olunur. Görünür, çağırışların, maarifləndirici çıxışların, medianın fəaliyyətinin nəticəsi artıq özünü göstərməkdədir. Amma buna baxmayaraq, diqqətli olmalıyıq, vətəndaşlarımız icazə verilməyən ərazilərə daxil olmamalıdırlar. Bu, həm onların, həm də elə ailə üzvləri üçün ciddi faciələrə səbəb ola bilər”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Prezident   Təhlükə  





Xəbər lenti