“YAŞAT” marafonu: Qələbəni bizə yaşadanları birlikdə yaşadaq!
“Qələbəni bizə yaşadanları birlikdə yaşadaq!” şüarı ilə keçirilən “YAŞAT” xeyriyyə marafonunun əsas məqsədi şəhid ailələrinə və qazilərimizə dəstək verilməsidir. Marafon Vətənimizin azadlığı uğrunda öz canlarını qurban verən igid oğullarımızın ruhuna hörmət əlaməti olaraq, onların ailələrinin və sağlamlıqlarını itirən qazilərimizin maddi-mənəvi problemlərinin həllinə yönəlib.
İkinci Qarabağ müharibəsi bütün dünyaya azərbaycanlıların birliyini bir daha nümayiş etdirdi və müharibənin sadəcə ön cəbhə ilə məhdudlaşmadığını göstərdi. Azərbaycan Respublikasının bütün vətəndaşları ön və arxa cəbhədə möhtəşəm birlik nümayiş etdirdi. Bu birliyin bir parçası olan dünya azərbaycanlıları vətənpərvərlik nümayiş etdirərək, vətəndaşlıq borclarını yerinə yetirərək, bu gün "YAŞAT" xeyriyyə marafonuna qoşulur və qələbəni bizə yaşadanları bizimlə birgə yaşadır.
Dünyanın bir sıra ölkələrində yaşayan, marafona dəstək verən çoxsaylı soydaşlarımız və tərəfdaşlarımız var. Bir aya yaxındır ki, tanınmış və nüfuzlu ziyalılarımız, Azərbaycana dost münasibəti bəsləyən insanlar, Azərbaycan Diaspor Könülləri və "Karabakh is Azerbaijan!" milli platformasının təmsilçiləri, ölkə mediası soydaşlarımızı "YAŞAT" marafonunda fəal iştirak etməyə səsləyir.
Qələbəni bizlərə yaşadan qəhrəman oğullarımızı, onların şücaətlərini unutmayaq, unutdurmayaq, yenidən və hər zaman həmrəy olaraq, qələbəni bizlərə yaşadanları birlikdə yaşadaq.
Azvision.az