“Şuşa ruhu olan nadir şəhərdir” - Sahib Alıyev

“Şuşa ruhu olan nadir şəhərdir” -  Sahib Alıyev
  25 May 2021    Oxunub:1578
“Şuşa təkcə mədəniyyət paytaxtımız yox, həm də bizim milli generasiya mərkəzlərimizdən biri və bəlkə də birincisi olmalıdır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev parlamentin bugünkü iclasında deyib. O qeyd edib ki, Şuşa ruhu olan nadir şəhərlərdəndir:

“Son bir ilədək Milli Məclisdə qəbuluna böyük ehtiyac duyulduğunu qabartdığımız iki-üç qanundan biri məhz işğal altındakı torpaqların statusuyla bağlıydı. İndi isə həmin torpaqlardakı baş və tac şəhərimiz-Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında qanun layihəsi gündəliyə çıxarılıb. Şuşa yalnız Azərbaycanda deyil, bütövlükdə bu regionda unikal bir şəhərdir. Burada söhbət təkcə onun çoğrafiyasından, təbiətindən getmir. Şuşa o nadir şəhərlərdəndir ki, onun ruhu var. Mən fikir vermişəm, cənab Prezident Şuşa haqqında danışanda onu bir növ personlaşdırır ki, bu da dediyim reallıqdan qaynaqlanır. Və siz o ruhun gücünə baxın ki, 30 il müddətində vəhşi, xəstə xislətlilər ona təsir edə, məhz bizə xaslığını aradan qaldıra bilmədilər. Gündəlikdəki layihədən də göründüyü kimi qarşımızda duran vəzifə elə bu ruhun bizə xaslığının əbədiliyini təmin, üstünlüyünü təsdiq etməkdir.

Dövlət başçımız Şuşamıza mədəniyyət paytaxtı adı verdi. Mədəniyyət isə maddi və mənəviylə yanaşı, həm də sosial dəyərlərin məcmusudur. Yəni mədəniyyət paytaxtı deyəndə söhbət təkcə həmən şəhərdəki abidələrdən- artefaktlardan, orada yaşamış, yaşayacaq insanların yüksək yaradıcılıq potensialından getmir, eyni zamanda mühitdən, əsrlərin sınağından çıxan və bizi biz kimi tanıdan adət-ənənədən, davranış qaydalarından gedir. Bu baxımdan götürdükdə Şuşa təkcə mədəniyyət paytaxtımız yox, həm də bizim milli generasiya mərkəzlərimizdən biri və bəlkə də birincisi olmalıdır”.

Deputat deyib ki, qloballaşma adı altında kosmopolitizmin bütün milli dəyərləri silib-süpürdüyü indiki dönəmdə həmin kosmopolitizmin ayaq açmasına bir növ yardım edən texnologiyalardan, çağdaş şəhər quruculuğu konsepsiyasından əks məqsədlə faydalanmaqla Şuşamızın milli generasiya mərkəzinə çevirilməsində də bu gözəl yurd yerimizə xas bir unikallıq, həm də rəmzilik görür:

“Yəni, Şuşa dünyadakı nadir şəhərlərdən biri olacaq ki, çağdaş texnologiyalar kökə- soya bağlılığın və milliliyin xidmətində duracaq. Qanun layihəsində Şuşa şəhərinin məhz dövlət qoruğuna çevrilməsi, onun görünüşünün və ekologiyasının qorunması üçün gərəkən nə varsa, hamısının öz əksinin tapması, şəhər həyatının bütün sahələrində innovasiyanın tətbiqinin, məhkəmə və hüquq-mühafizə orqanları istisna olmaqla, digər xidmətlərin 3 inzibati mərkəzdən- ASAN, DOST və KOB evlərindən elektron yolla göstəriləcəyinin nəzərdə tutulması o deməkdir ki, bizim qədim mədəniyyət mərkəzimiz həm də ilk ağıllı şəhərlərimizdən biri olacaq. Ağıllı şəhər isə, təkcə fərqli, üstün yaşayış standartı demək deyil. Bu həm də, söhbət məmurlardan gedirsə, ağıllı idarəçilik, əhalidən gedirsə, ağıllı davranış, yüksək birgəyaşayş mədəniyyəti deməkdir. Bu baxımdan da Şuşadakılar sözün bir çox anlamında onlardan aşağıda olanlardan üstünlüklərini göstərməlidirlər.

Layihədən də göründüyü kimi gələcəkdə beynəlxalq tədbirlərə də ev sahibliyi edəcək, ölkənin turizm mərkəzlərindən birinə çevriləcək mədəniyyət paytaxtımız, ekologiya mədəniyyətinin, birgəyaşayış mədəniyyətinin yüksəkliyi ilə də seçilməli, örnək olmalıdır. Və ümumiyyətlə, artıq hamılıqla anlamağın vaxtı çatıb ki, mənzilinin təmizliyindən daha önəmlisi ətraf mühitin, yaşadığın küçənin təmizliyi, evin həyətinin, onun dəhlizlərinin, qalxdığın pilləkənlər və yaxud girdiyin liftin təmizliyidir. Vətənə sevgi də elə ilk növbədə yaşadığın yerdə bu təmizliyə riayətdən, düzgün davranış qaydalarından, ən əsası təbiətə qayğıdan başlanır”.

Sahib Alıyevin sözlərinə görə, indiyədək belə fikirdə olub ki, bizim yurd yerlərini itirməyimizin səbəblərindən biri də onların qədrini yetərincə bilməməyimizdir. Tanrı indi millətimizə səhvlərimizdən nəticə çıxarmaq şansı verib. Qayıtdığımız yurd yerlərimizi indən sonra göz bəbəyi kimi qorumalı, hər daşını sevməli və kimlərin sayəsində ora döndüyümüzü heç vaxt unutmamalıyıq:

“İndən sonra Şuşa deyiləndə göz önünə təkcə mədəniyyət incilərimiz gəlməyəcək, həm də Azərbaycan hərb sənəti ortaya qoyduğu möcüzə, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun təkrarsız qələbəsi xatırlancaq.

Karate ustaları bədənin bütün enerjisinin bir nöqtəyə konsentrasiya etməklə üst-üstə qoyulan bir neçə kərpici sındırmağı necə bacarırlarsa, bizim Müzəffər Ali Baş Komandanımız da eyni ustalıqla xalqımızın bütün passionarlıq potensilalını bir “Dəmir yumruq”da toparlayaraq, bir yox, bir neçə düşməni birdən sındırıb bizə qələbə sevinci yaşatdı, Şuşamızı özümüzə qaytardı. Bu yolda canından keçən şəhidlərimzin ruhu qarşısında baş əyir, cənab İlham Əliyev başda olmaqla ölümün gözünə dik baxan, əlbəyaxa döyüşlərdə sayca özündən bir neçə qat çox düşməni məhv edib Şuşanı onlardan təmizləyən oğullarımıza bu yüksək kürsüdən sayğımı çatdırıram”.

Azvision.az


Teqlər: Deputat   Şuşa   Sahib-Alıyev  





Xəbər lenti