Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Azvision.az -a açıqlamasında deyib ki, yumşalmaların olması gözlənilən idi. Çünki Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində effektli tədbirlər görülür, aktiv vaksinasiya proseslərinin aparılması isə COVID-19-la bağlı statistikalarda müsbət dinamika yaratdı.
“Bildiyiniz kimi, dünyanın bir sıra ölkələrində hələ də tam qapanma davam edir. Azərbaycan isə, pandemiya başlanandan bu günə kimi koronavirusla mübarizədə nümunəvi addımlarla yadda qalır.
Əldə olunmuş uğurlarımızı doğuran ciddi səbəblər oldu. İnfeksiyanın qarşısının alınması ilə bağlı proseslərin ilk dövründə xəstəliklə mübarizə aparan xəstəxanaların sayının artırılması, operativ şəkildə yeni modul tipli xəstəxanaların açılması mühüm əhəmiyyətə malik idi. Uğurlarımızda həm texniki təchizat, təminat məsələlərinin, həm də həkimlərin, tibb işçilərinin aktiv şəkildə bu proseslərdə yaxından iştirakının və digər kompleks tədbirlərin həyata keçirilməsi ciddi rol oynamağa başladı. Sonrakı müddət ərzində administrativ tədbirlərlə tibbi səhiyyə tədbirlərinin parallel şəkildə tətbiqi qeyd edilməlidir”.

Deputat deyir ki, hazırda Azərbaycanda yoluxmalarla bağlı müsbət statistikanın yaranmasının və sağalmalardakı sürətli artım tempinin bir səbəbi də tibbi profilaktik tədbirlərlə yanaşı, bütün digər iqtisadi və sosial tədbirlər məcmusunun eyni anda tətbiqi ilə əlaqədardır.
Müşfiq Məmmədli qabaqcıl ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə başlamağımızın bu gün ölkədə yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaratdığını düşünür:
“Hazırda vaksinasiya prosesinin geniş vüsət alması və sürətlə aparılması yoluxmaların sayının azalmasında mühüm rol oynayır. Burada təbii ki, xəstəlik nəticəsində immunitet qazanmış insanların sayını da nəzərə almaq lazımdır. Çünki uğurlu müalicələrlə sağalmış insanlar immunitet qazanmış geniş kütlənin sayının artmasına gətirib çıxarır.
Baxmayaraq ki, dünyanın bir çox ölkələrində hələ də koronavirusla mübarizə tədbirləri istənilən effekti vermir və vaksinasiya prosesi də aparılır, amma bununla yanaşı yoluxmaların sayının artması müşahidə olunur. Çünki burada bir tədbirin önəmindən çox kompleks tədbirlər sisteminin və problemə sistemli yanaşmanın əhəmiyyəti var. Azərbaycanın qazandığı uğurların əsas səbəbi də sistemli yanaşma nəticəsində qazanılmış uğurla izah oluna bilər.
İndi vaksinasiya proseslərinin önəmi digər proseslərlə müqayisə etdikdə daha çox mühüm əhəmiyyət kəsb edir. Çünki bu insanların yoluxmasının qarşısının alınmasında ən effektiv və ən sürətli vasitələrdən biridir. Ancaq operativ, uğurlu və genişmiqyaslı vaksinasiya proseslərinin aparılması çətin prosesdir. Bu proseslər istər siyasi, istər diplomatik səylər, istərsə də iqtisadi tədbirləri özündə ehtiva edir ki, hər ölkə bunu zamanında və uğurla icra edə, peyvəndlənməni apara bilmir. Əsas çətinlik dünyada süni şəkildə yaradılmış vaksin problemi, vaksin ədalətsizliyidir. Amma ölkə rəhbəri cənab Prezident İlham Əliyevin zamanında strateji addımlar atması bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx işləməsi və Azərbaycanın ÜST-yə həqiqətən də mühüm töhfələr verən ölkəyə çevrilməsi xeyrimizə işləyən amillər oldu. Bununla yanaşı biz ilk vaxtlarda uğurlu ikitərəfli əlaqələr hesabına operativ vaksinasiya prosesinin aparılmasında heç bir sıxıntı yaşamayan ölkələr siyahısına daxil olduq. Bütün bunlar cənab Prezidentin həm təqdir olunası xarici siyasətinin, həm də ki, iqtisadi və səhiyyə sistemində aparılan modernizasiyanın bariz nümunəsizidir.
Bir sözlə, yola saldığımız aylarda bütün bu görülmüş tədbirlər nəticəsində epidemioloji vəziyyət yaxşılaşdı. Təbii ki, bundan sonra digər yumşalmalara gedilməsi mühüm əhəmiyyət kəsb edir və bunlar da zamanla reallaşacaq”.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


