Bu şəxslər üçün imtahanlar pulsuzdur

Bu şəxslər üçün imtahanlar pulsuzdur
  26 May 2021    Oxunub:1204
Yaxın günlərdə ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbuluna başlanılacaq.
Azvision.az xəbər verir ki, ərizə qəbulu internet vasitəsilə aparılır. Abituriyentlər DİM-in saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabi­netlərinin istifadəçi adı və parolundan istifadə etmək­lə Mərkəzin mü­va­fiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. Lakin “Azərbaycan Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı müraciət etmiş şəxslərlə yanaşı, aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının ( ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında iştirakı da dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Aşağıdakı qrup şəxslər imtahanlarda ödənişsiz iştirak edəcəklər:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

"Yuxarıda qeyd olunan 5 kateqoriyaya aid abituriyentlər bu imtiyazdan istifadə etmək üçün "Abituriyentin elektron ərizəsi" formasını doldurmamışdan əvvəl DİM tərəfindən yaradılmış “Müvafiq sərəncamla müsabiqədə iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən abituriyentlərin qeydiyyatı sistemi vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Bu abituriyentlər verilmiş keçiddə (keçidi bura qoyuruq) “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu daxil edib “Qeydiyyata al” düyməsini basmalıdırlar. “Qeydiyyata al” düyməsini basdıqdan sonra sistem avtomatik olaraq müvafiq dövlət orqanının məlumat bazasından vətəndaşın statusu haqqında məlumatı tapır və ekranda bu barədə bildiriş göstərilir. Abituriyent yalnız bundan sonra ödənişsiz imtahan vermək imkanına malik olur və “Abituriyentin elektron ərizəsi” formasının doldurulması və təsdiqi zamanı vəsait tələb olunmur.

Əgər müvafiq dövlət orqanının elektron bazasında vətəndaş haqqında lazımi informasiya yoxdursa, sistem məlumatın tapılmaması haqqında bildiriş verir. Bu halda abituriyentlər müvafiq dövlət orqanına müraciət etməlidirlər", - deyə DİM sədri Məleykə Abbaszadə vurğulayıb.

Azvision.az


Teqlər: DİM   Sədr  





Xəbər lenti