Milli qiymətləndirmənin keçirilmə qaydası açıqlandı

Milli qiymətləndirmənin keçirilmə qaydası açıqlandı
  26 May 2021    Oxunub:1501
1-11 iyun 2021-ci il tarixlərində ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə növbəti milli qiymətləndirmə təşkil olunacaq.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, milli qiymətləndirmənin Azərbaycan və rus bölmələri üzrə təşkili nəzərdə tutulur. Bu il keçiriləcək milli qiymətləndirmə həm əyani (seçilmiş siniflər üzrə), həm də onlayn (“Virtual məktəb” platforması üzərindən) formatda təşkil olunacaq.

1 iyun tarixindən başlanılacaq milli qiymətləndirmə prosesində ilk növbədə IV, VI və IX sinif şagirdləri əyani şəkildə müvafiq olaraq riyaziyyat, tədris dili və xarici dil, eləcə də təbiət fənləri üzrə sualları cavablandıracaqlar.

2 iyun tarixindən isə II-VIII və X sinif şagirdləri onlayn formatda ayrı-ayrı fənlər üzrə müxtəlif sayda tapşırıqları cavablandıracaqlar.

Qiymətləndirmədə iştirak etmək üçün “Virtual məktəb” platformasında ümumi şagird qruplarında “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən müvafiq fənlər üzrə test tapşırıqlarına cavab vermək lazımdır (https://www.youtube.com/watch?v=TYD5z3Hq9vU). Onlayn milli qiymətləndirmədə iştirak edəcək şagirdlər öz nəticələrinə testi tamamlandıqdan sonra ekrana çıxacaq “Təhlil” (“Review”) bölməsindən baxa bilərlər. Şagirdlərin nəticələrinin əlavə olaraq elektron poçtla göndərilməsi nəzərdə tutulmayıb.

Milli qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər arasında sosial-iqtisadi vəziyyətə dair sorğu keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, milli qiymətləndirmə tədqiqatı məktəbdaxili summativ qiymətləndirmə ilə qarışdırılmamalıdır. Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün ümumi təhsil müəssisələrində aparılan tədqiqatdır. Milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə nəticələrinə təsir etmir.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti