Təhlükə hələ sovuşmayıb, arxayınlaşmaq olmaz!

 Təhlükə hələ sovuşmayıb, arxayınlaşmaq olmaz!
  26 May 2021    Oxunub:1456
“Dövlət vətəndaşların bəzi narazılıqlarını, müəyyən çətinlikləri nəzərə alaraq yumşalmalara getməyi məqsədəuyğun saydı. Amma biz indi daha çox məsuliyyətli və diqqətli olmalıyıq. Çünki təhlükə hələ də sovuşmayıb”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat vətəndaşları bundan sonra da gigiyena qaydalarına əməl etməyə çağırıb:

“Yoluxmalardakı azalmalar, yumşalmalar o anlama gəlməməlidir ki, pandemiya artıq bitib, infeksiyanın yayılmasının tam qarşısını almışıq. Bu gün bütün dünyanın gözü qarşısında Hindistanda faciələr yaşanır. Hindistan nümunəsində görürük ki, istənilən ölkədə hər an vəziyyət faciəvi şəkildə dəyişə bilər. Bir sözlə, biz bu yumşalmalardan arxayınlaşmamalıyıq”.



Ceyhun Məmmədov deyir ki, dövlət pandemiya dövründə yaranmış bəzi müvəqqəti çətinliklərin aradan qalxması üçün şərait yaratdı. Amma vətəndaşlar bu yumşalmalardan sonra qətiyyən arxayınlaşmamalıdır.

“Düzdür, açıq havada maska taxılması ilə bağlı yeni qərar verildi. Amma yenə də maska amilini yaddan çıxarmamalıyıq. Məscidlər, idman zalları ticarət mərkəzləri neçə aylardır ki, bağlı idi. Bu, həm vətəndaşlarımızın iqtisadi durumuna təsir göstərirdi, həm də həmin məkanlardan istifadə imkanlarımız yox idi. Amma indi Operativ Qərargah məlum qərarları qəbul edib, bundan sonra hər şey vətəndaşlarımızdan asılı olacaq. İndi bizim üzərimizə daha böyük məsuliyyət düşür. İnsanlar diqqətli olmalı, ehtiyatı əldən verməməlidirlər. Biz ötən il də bir dəfə buna bənzər yumşalmalara getmişdik. Amma yenidən sərt karantin rejiminə getdik. Sərt karantin rejiminə qayıdışın baş verməməsi üçün hər bir vətəndaşımız əvvəlki kimi diqqətli olmalıdır, tövsiyələrə əməl etməlidir. Hesab edirəm ki, dövlət üzərinə düşəni etsə də, bundan sonra vətəndaş məsuliyyəti çox ciddi rol oynayacaq. Vətəndaş məsuliyyəti qorunub saxlansa, növbəti mərhələdə çətin vəziyyətlə üz-üzə qalmayacayıq”.

Deputat Azərbaycanda vaksin seçiminin ideal vəziyyətdə olduğunu vurğulayıb: “İlk gündən bu məsələni xüsusi olaraq qeyd edirəm ki, bizim dövlətimiz pandemiya ilə mübarizədə maksimum çalışır. Bundan artıq edə biləcəyimiz nə isə yoxdur. Aidiyyəti qurumlar bütün tədbirləri zamanında uğurla həyata keçirdilər. Artıq bir neçə ölkədən vaksinlər gətirilib, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır. Bu istiqamətdə dövlətimiz nə mümkün idisə, onu da etdi. Vətəndaşlarımız peyvəndlənmə işlərində aktiv olmalıdırlar. Yaradılan şəraitdən yararlanmaq gərəkir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat   Operativ-Qərargah   Vaksin  





Xəbər lenti