Nazir İƏT nümayəndə heyəti ilə görüşüb

  26 May 2021    Oxunub :518
Nazir İƏT nümayəndə heyəti ilə görüşüb
Azərbaycan mədəniyyət naziri Anar Kərimov mayın 25-də İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum – İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) rəhbəri Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Azvision.az - a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə İƏGF-ın baş direktoru Rəsul Ömərov, təşkilatın Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev və başqaları daxildir.

A.Kərimov İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında sıx əlaqələrin qurulduğunu, bunun İslam həmrəyliyinin təbliğinə və möhkəmləndirilməsinə də zəmin yaratdığını məmnunluqla qeyd edib. Müsəlman ölkələrinin gəncləri üçün mədəni inkişafın əhəmiyyətindən söz açan nazir bu məqsədlə birgə fəaliyyətin, İƏT ölkələri gənclərinin əməkdaşlığına yönəlmiş layihələrin vacibliyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən İƏGF rəhbəri Taha Ayhan gənclərdən ibarət geniş hədəf kütləsinə xitab edən təşkilatın fəaliyyəti barədə məlumat verib, Azərbaycanın Mədəniyyət Nazirliyi ilə yaxından əməkdaşlıq etmək niyyətini diqqətə çatdırıb. O, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbəyə həsr olunan layihələrin, Qarabağ Zəfərinin gənclərin gözü ilə tanıdılması, Qarabağın mədəni irsi, mənəvi dəyərlərinin təbliği ilə bağlı sərgi və digər tədbirlərin, mədəniyyət festivalının keçirilməsi barədə təkliflərini səsləndirib.

Azərbaycanın tarixi Qələbəsinə, Qarabağın zəngin mədəni irsinin təbliğinə həsr olunan layihələrə dair fikirləri dəstəkləyən nazir Anar Kərimov gənclər arasında mübadilənin əhəmiyyətini qeyd edib.

Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsindən bəhs edən nazir bu ilin yanvar ayında İCESCO rəhbərinin ölkəmizə səfəri zamanı Şuşanın “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə bağlı təşəbbüslə çıxış etdiyini də diqqətə çatdırıb. Eyni zamanda TÜRKSOY təşkilatının Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi barədə təklifindən danışan Anar Kərimov bunun Türk-İslam dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin göstəricisi olduğunu deyib.

Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu otuz ilə yaxın müddətdə mədəni və təbii irsimizin vandalizmə məruz qaldığını və məqsədyönlü şəkildə dağıdıldığını deyən Anar Kərimov əlavə edib ki, bu siyasət, həmçinin bir əsrdən artıq dövrdə Ermənistan ərazisindəki, o cümlədən qədim Azərbaycan şəhəri olan İrəvandakı tarixi abidələrimizə, Türk-İslam mədəni irsinə qarşı həyata keçirilib. Nazir bu həqiqətlərin dünya ictimaiyyətinə, ələlxüsus İslam ölkələrinin gənclərinə çatdırılmasında təşkilatın vacib rol oynaya biləcəyini qeyd edib.

Söhbət zamanı gənclərlə işin əhəmiyyətini xüsusi vurğulayan Anar Kərimov Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlara toxunub, Azərbaycanın mədəni irsinin qorunması, saxlanılması, mədəniyyətimizin dünyada təbliği, gənclərə milli-mənəvi dəyərlərin aşılanması və gənc nəslin milli ruhda tərbiyəsi işində nazirliyin fəaliyyəti üçün əsas platforma rolunu oynayacaq “Davranış Mədəniyyəti Konsepsiyası” və bu istiqamətdə görülən digər işlər barədə məlumat verib. İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə birgə əməkdaşlıq çərçivəsində sadalanan mövzulara dair fəaliyyətin səmərəli nəticələr verəcəyindən əminlik ifadə edilib.

Görüşdə Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” və Türkiyədə “Bizim Yunus İli” elan edilməsi ilə əlaqədar qardaş ölkə ilə ortaq mənəvi sərvətimiz hər iki mütəfəkkirin irsinin İslam dünyasında və xüsusilə gənclər arasında daha geniş təbliğinə istiqamətlənən tədbirlərin təşkilinin əhəmiyyəti qeyd edilib.

Birgə dəyərləri təbliğ etmək, qarşılıqlı əlaqələri gücləndirmək üçün səylərini bundan sonra da davam etdirəcəklərini bildirən İƏGF rəhbəri İslam həmrəyliyinə, gənclərin mədəni inkişafına, mənəvi zənginliyinə istiqamətlənən layihələrin reallaşdırılmasına təşkilat tərəfindən məmnuniyyətlə dəstək göstəriləcəyini bildirib.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

Azvision.az

Teqlər: