Oklahomada 28 may “Azərbaycan Respublika Günü” elan edildi

  Oklahomada 28 may “Azərbaycan Respublika Günü” elan edildi
  28 May 2021    Oxunub:885
Oklahoma qubernatoru Kevin Stitt Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə bəyannamə imzalayıb.
Azvision.az xəbər verir ki, bəyannamədə 1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi və 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyini bərpa etdiyi xatırlanır, müstəqil Azərbaycanın atdığı mütərəqqi addımlar vurğulanır və Azərbaycanın həm ABŞ, həm də Oklahoma ştatı ilə tərəfdaşlığı təqdir olunub.

2021-ci ildə Azərbaycanın Oklahoma ştatı ilə Ştat Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığının 18-ci ildönümümün tamam olduğu və Oklahoma Milli Qvardiyasının cəlb olunduğu bu tərəfdaşlığın iqtisadiyyat, neft, təbii qaz və kənd təsərrüfatı kim sahələri əhatə etdiyi qeyd olunub.

Həmçinin 2021-ci ildə Azərbaycanın Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə tərəfdaşlığının 27-ci ildönümünü qeyd etdiyi və Azərbaycanın terrorçuluğa qarşı mübarizə məqsədilə ABŞ-a davamlı dəstək və yardım göstərdiyi vurğulanıb. Bəyannamədə Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan birinci dövlət kimi qadınlara səsvermə hüququnu təmin etdiyi və bir sıra proqressiv tədbirlər həyata keçirdiyi qeyd edilib.

Azərbaycanın ABŞ ilə enerji təchizatının şaxələndirilməsi və regional təhlükəsizliyin gücləndirilməsi sahələrində birgə maraqlar bölüşdüyü diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın sülh, rifah, təhlükəsizlik və sabitliyin təmin edilməsinə sadiqliyi nəticəsində regionda lider dövlətə çevrildiyi və bu cür liderliyin müxtəlif sahələrdə imkanlar yaratdığı vurğulanıb. Bəyannamənin sonunda Azərbaycan Oklahomanın yaxın dostu, müttəfiqi və tərəfdaşı kimi xarakterizə olunub.

Qeyd edək ki, Azərbaycan 2003-cü ildən Oklahoma Milli Qvardiyası ilə Ştat Tərəfdaşlıq Proqramına malikdir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın aidiyyəti qurumları ilə dialoq aparılır və NATO qüvvələri ilə uyğunluğun artırılması, fövqəladə halların aradan qaldırılması, tibbi imkanların genişləndirilməsi, kənd təsərrüfatı kimi sahələrdə təcrübə mübadiləsi və praktik layihələr həyata keçirilir.

Xatırladaq ki, 2019-cu ildə Oklahomada Azərbaycanla kənd təsərrüfatı forumu keçirilmiş, 2020-ci ildə Oklahoma Ştat Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında Azərbaycan tələbələrinin Oklahomada ştatdaxili qiymətlərlə təhsilinə imkan yaradan birgə proqram təsis edilmişdir.

Hazırda Oklahoma ilə bərpa olunan enerji mənbələrindən istifadə, kənd təsərrüfatı, o cümlədən taxılçılıq və maldarlıq kimi sahələrdə əlavə əməkdaşlıq, eyni zamanda Oklahoma şirkətlərinin Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası layihələrinə cəlb olunması imkanları nəzərdən keçirilir.



Azvision.az


Teqlər: Oklahoma   AXC   Bəyannamə  





Xəbər lenti